Rusiyanın idman naziri Vitali Mutko ilə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin son görüşündə Krım klubları – “Tavriya” və “Sevastopol”un gələcək taleyi də müzakirə olunub. Apasport.az-ın “İnterfaks”a istinadən xəbərinə görə, görüş zamanı hər 2 kluba rusiyalı məşqçilərin təyin olunması qərara alınıb.
“Sevastopol” hazırda Birləşmiş Futbol Liqasının baş direktoru işləyən və Kiyev “Dinamo”sunun sabiq çalışdırıcısı Valeri Qazzayevə tapşırılacaq. Elə “Tavriya”nın da “Dinamo”nun keçmiş baş məşqçisinə tapşırılması gündəmdədir.
Həmin posta namizəd isə Yuri Syomindir. Artıq bunun üçün Mutkoya “Qəbələ” rəhbərliyi ilə danışıqlar aparmaq və mütəxəssislə olan müqavilənin pozulması tapşırığı verilib. Rusiyalı mütəxəssislərin hər 2 klubla müqavilələrinin maliyyə tərəflərini təmin etmək isə “Qazprom” şirkətinə tapşırılıb.
Syominin hazırda çalışdığı “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov isə apasport.az saytına açıqlamasında bildirib ki, Rusiyanın İdman Nazirliyindən onlarla əlaqə saxlanılmayıb: “Syominin bizimlə müqaviləsi mayın sonunda başa çatacaq. Bununla belə, bizimlə Rusiyadan kimsə əlaqə saxlamayıb. Bizimlə müqaviləsi olduqdan sonra Syomin başqa komandaya necə baş məşqçi təyin edilər bilər? Belə şey olsaydı, baş məşqçi bizə bu haqda bildirərdi”.
Qeyd edək ki, “Sevastopol”un bolqarıstanlı baş məşqçisi Anqel Çervenkov bildirib ki, o mövsümün sonunda və “Tavriya”dakı həmyerlisi Nikolay Kostov isə tezliklə Krım yarımadasını tərk edəcək.