[b]"Azarkeşlər işlətdiyi ifadələrə görə utanmırdılar" - Yuri Syomin [/b]
15.12.2015 - 15:12
[b]"Azarkeşlər işlətdiyi ifadələrə görə utanmırdılar" - Yuri Syomin [/b]

“Hamını futbolla siyasəti qarışdırmamağa çağırıram. Bu, xüsusilə də mətbuata aiddi ki, vəziyyəti lap qızışdırmasın. Belə olsa, lazımsız təxribat və xoşagəlməz hallardan qaçmaq mümkün olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri tanınmış rusiyalı mütəxəssis Yuri Syomin deyib.

 

2013/14 mövsümündə “Qəbələ”nin baş məşqçisi kimi Azərbaycan çempionatının bürünc mükafatını qazanıb, kubokun finalına yüksələn çalışdırıcı Rusiya mətbuatına açıqlama verib.

 

O, Avropa Liqasının 1/16 final mərhələsinin dünən keçirilən püşkatmasından sonra müzakirə olunan “Fənərbaxça” (Türkiyə) - “Lokomotiv” (Rusiya) dueli ilə bağlı fikirlərini açıqlayıb. Syominin fikrincə, ölkələr arasında münasibətlər qarşılaşmanın keçirilməsinə mane olmamalıdı: “Gəlin, iki bərabər səviyyəli və layiqli komandaların oyununa hazırlaşaq. Bu matça da yalnız futbol prizmasından yanaşaq ki, o da barışdırıcı olmalıdı. Yoxsa ki, onsuz da qeyri-sabit olan durumu alışdırmasın. Oyunların boykot olunması haqda heç bir söhbət gedə bilməz. Sadəcə, ora yollanmaq və güclü olduğumuzu meydanda göstərməliyik”.

 

Uzun illər “Lokomotiv”in baş məşqçisi olan Syomin 13 il əvvəlki dueli də xatırlayıb: “2002-ci ildə bunu bacarmışdıq. Baxmayaraq ki, “Qalatasaray”la oyundan öncə İstanbulda bizi “Cəhənnəmə xoş gəlmisiniz” şüarları ilə qarşılamışdılar. Həmin vaxt da ölkələrimiz arasında münasibətlər heç də ən yaxşı deyildi. Lakin nəticədə futbol qalib gəldi və hər şey sivil qaydada keçdi. Düzdü, türkiyəli azarkeşlər işlətdiyi ifadələrə görə utanmırdılar. Biz həmin qarşılaşmada qalib gəldik. Düşünürəm ki, indiki “Lokomotiv” də bunu bacarar”.

 

Qeyd edək ki, “Fənərbaxça” və “Lokomotiv” arasında ilk matç gələn il fevralın 16-da İstanbulda, cavab oyunu 9 gün sonra Moskvada keçiriləcək.