“Vacib oyuna çıxacağıq. Mövsümün son görüşü olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Yuri Syomin deyib.
Sabah ölkə kubokunun final görüşü keçiriləcək. “Qəbələ” ilə “Neftçi” bu qarşılaşmada görüşməklə cari mövsümə yekun vuracaq. Bu matçdan öncə “Qəbələ”nin baş məşqçisi Yuri Syomin mətbuat konfransında sualları cavablandırıb.
Rusiyalı məşqçi bu görüşdə güclünün qalib gəlməsinin tərəfdarı olduğunu söyləyib: “Çox azarkeşin olmasını istəyirəm. Bu qədər mətbuat nümayəndələrinin olmasından hiss edirəm ki, sabah stadionda çoxlu azarkeş olacaq. İstəyirik ki, azarkeşləri sevindirək. Kim güclüdürsə, o da qalib gəlsin”.
Təcrübəli mütəxəssis bu kubokun onun karyerası üçün mühüm rol oynadığını etiraf edib: “Problemlərimiz 2 müdafiəçi ilə bağlıdır. Elnur Allahverdiyev və Ürfan Abbasov cəzalıdır. Qalanları isə sabah oyuna çıxa biləcək. Bu titul mənim üçün çox vacibdir. Həmçinin bürünc medalları qazanmağımız da yaxşı oldu. Bu, mənim tərcümeyi-halıma da yaxşı hal kimi yazılacaq”.
Syomin “Neftçi”nin sağ cinahında 2 əsas oyunçunun olmamasına da münasibət bildirib: “Araz Abdullayev Azərbaycanın çox yaxşı futbolçularından biridir. Biz hər hansı bir oyunçuya görə nəticə çıxarmayacağıq. Onun yerində çıxış edən Samir Məsimov əla motivasiyada olacaq”.
Yuri Pavloviç Marat İzmaylovun “Qəbələ”də qalması məsələsinə isə belə reaksiya verib: “Gəlin, biz bu gün qarşılaşma haqqında danışaq. O, gələcəyin işidir”.
[b]Yuri Syomin: Bu titul mənim üçün çox vacibdir[/b]
21.05.2014 - 18:13
0
0