[b]Ziyankar kapitan, hakim biabırçılığı, qorxaq futbol...[/b]
30.10.2017 - 13:23
[b]Ziyankar kapitan, hakim biabırçılığı, qorxaq futbol...[/b]

Azərbaycan çempionatının əksər oyunlarında hakim səhvləri, kənar amillər ön planda olur. Çünki komandalar məhəllə futbolu səviyyəsində çıxış etdiklərindən, meydandakı futbolçular kölgədə qalırlar.

 

Ancaq X turun stadiondan izlədiyim 2 qarşılaşmasındakı mübariz, baxımlı, keyfiyyətli futboldan həzz aldığımı etiraf etməliyəm. Həm “Zirə” – “Qəbələ” (2:1), həm də “Neftçi” – “Sumqayıt” (2:1) görüşündə futbolçuların mübarizəsi digər məsələlərin önünə keçmişdi. Stadiona gəlməyi artıq bilən futbol azarkeşlərimizin bu cür oyunları qaçırmamaqları məsləhətdi. Ancaq təəssüf ki, belə yüksək templi matçlar Azərbaycan çempionatında nadir hallarda olur. Xüsusən də, “Zirə” – “Qəbələ” oyununda yaşanan hadisələr gərginliyi pik həddə çatdırmışdı.

 

Polis özbaşınalığı bitmir

Zirədə sürətli başlayan qarşılaşmaya ilk olaraq polislər ləkə saldılar. Təəssüf ki, illərdi müzakirə olunan asayiş keşikçilərinin stadionlarımızdakı özbaşınalığı problemi bitmək bilmir. Qonaq komandanın fanatları ev sahiblərinin ünvanına xoşagəlməz sözlər söylədikdə, nədənsə, bundan ən çox polislər narahat olurlar. “Zirə” – “Qəbələ” matçında da meydan sahiblərinin ilk qolunun müəllifi Milan Duriçin azarkeşləri qıcıqlandıran jesti qarşılıqsız qala bilməzdi. Qəbul edək ki, belə hərəkətə istənilən azarkeş kütləsi söyüşlə cavab verir. “Qəbələ” fanatlarının bu addımı isə onlara baha başa gəldi. Xüsusən də, azarkeşlərdən birini tribunadan aşağı sürüyən 10-a yaxın polis onu vura-vura stadiondan çıxardı. Yaxşı ki, “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov duyuq düşüb, tez özünü ora yetirdi və uşağı polislərin əlindən aldı. Vitse-prezidentin birinci hissənin qalan dəqiqələrini azarkeşlərin arasında keçirməsi eyni halın təkrarlanmasının qarşısını aldı. Çünki 15-20 fanatın önündə bir o qədər polisin dayanması gərginliyin artması üçün zəmin yaradırdı.

 

Kapitan necə olmalıdı: xilaskar, yoxsa ziyankar?

Birinci hissənin sonuna yaxın futbolçuların bir-birilərinə qarşı sərt oynamaları meydanda gərginliyi daha da artırırdı. Fasilə ərəfəsində Cavid Hüseynovun hərəkəti isə bağışlanılmaz idi. Hesabda geridə olan bir komandanın kapitanının bu davranışına bir məna vermək olmur. Öz oyunun və ya komandanın oyunu alınmayanda əsəbiləşə bilərsən. Bu, çox istəkli olmağından qaynaqlanır. Ancaq o demək deyil ki, əsəbiləşib qarşındakına “Osmanlı silləsi” və ya “Məhəmməd Əli yumruğu” vurmalısan. Ona qalsa, Messi gərək hər oyunda 2-3 nəfəri yumruqlasın. Hüseynovun bu hərəkəti gəminin batmağından qorxub qaçan kapitandan fərqlənmir. “Zirə”yə məğlubiyyət və Cavidin oynamayacağı qarşıdakı matçlarda mümkün xal itkiləri mövsümün sonunda “Qəbələ”nin başını ağrıda bilər. Həmin hərəkətdən əvvəl bunları düşünmək lazım idi. Kapitan ən çətin durumda sinəsini irəli verən, xilaskar rolunu oynayan deməkdi. Daha komandasına ən ağır zərbəni vuran yox.

 

Birtərəfli hakimlik

Birinci hissədəki hakimlik yüksək səviyyədə idi. Həm penalti, həm qırmızı vərəqə yerində göstərilmişdi. Ancaq fasilədən sonra, nədənsə, Fariz Yusifovun briqadası birtərəfli qərarlar verməyə başladı. 50-ci dəqiqədə “Qəbələ”nin təmiz penaltisini verməyən Yusifov bəzi hallarda da meydan sahiblərinin oyunçularına güzəşt etdi. Yan xətt hakimi isə “Qəbələ”nin 1-2 təhlükəli hücumu zamanı bayrağını qaldıraraq olmayan ofsaydı qeydə aldı. Son saniyələrdə Təmkin Xəlilzadəyə güzəşt edərək, ona sarı vərəqə göstərməklə kifayətlənən Yusifovun ikinci hissədəki idarəçiliyini onun passivinə yazmaq lazımdı.

 

“Qəbələ”, yoxsa “Zirə” 10 nəfərlə oynayırdı?

Fariz Yusifov 50-ci dəqiqədə penaltini versəydi, bəlkə də, “Zirə” 1 xala sevinərdi. Çünki “Qəbələ” 10 nəfərlə elə pressinq tətbiq etmişdi ki, sanki azlıqda qalan meydan sahibləri idi. Aramsız hücumlar bir-birini əvəz etsə də, böyük qüvvə ilə geri çəkilən bakılılar çətinliklə qapının toxunulmazlığını qoruyurdular. “Qəbələ”nin canfəşanlığı yalnız 1 qola yetdi ki, bu da xal üçün kifayət etmədi. Qonaqların müdafiəni daim gərginlikdə saxlamasında meydan sahiblərinin də rolu az olmadı. Çünki ikinci hissədə “Zirə”, demək olar ki, meydanın özünə aid hissəsinə qapandı, qorxaq futbol göstərdi. Halbuki Ayxan Abbasovun komandası ilk yarını daha üstün keçirmişdi və hətta 2-dən də çox qol vura bilərdi. Məşqçilər adətən belə vəziyyətdə irəlidəki oyunçuların sayını artırırlar ki, azlıqda qalan rəqib müdafiədən çıxa bilməsin. “Zirə”nin çalışdırıcısı isə 68-ci dəqiqədə hücumçunu müdafiəçi ilə əvəzlədi. Həmin gün bəxt “Qəbələ”nin tərəfində olsaydı, əminəm ki, Abbasov bu əvəzləməsinə və ikinci hissədəki oyuna görə peşman olacaqdı.

 

“Neftçi” və “Sumqayıt”ın ifasında baxımlı oyun

“Neftçi” – “Sumqayıt” görüşündə isə yalnız oyunçuların mübarizəsi yaddaqalan oldu. “Sumqayıt”ı cari mövsümün ən baxımlı futbol oynayan komandası adlandırardım. Məhdud imkanlara baxmayaraq, Samir Abasov möhkəm və cəsarətli kollektiv qurmağı bacarıb. “Gənclik şəhəri” təmsilçisi hətta son vaxtlar yaxşı formada olan “Neftçi”dən də çəkinmədi, sadəcə, qapıçı səhvi ucbatından 1 xaldan məhrum oldu. Abasovun 5-4-1 sxeminə üstünlük verməsi “Sumqayıt”ın heç də müdafiə futbolu oynamasından xəbər vermirdi. Düzdü, məhz bu taktiki düzülüş buraxılan ilk qolda az rol oynamadı. Çünki müdafiədə çox adam olanda, hamı bir-birinə arxayın olur ki, dünənki qarşılaşmada da bu hal yaşandı. Ancaq “Sumqayıt”ın bərabərlik qolundan əvvəl qazandığı penalti də 5-4-1-in bəhrəsi idi. “Neftçi” isə qələbələrini təsadüfən sıralamadığını növbəti dəfə göstərdi. Görünən odu ki, Tərlan Əhmədov təkcə psixoloji yox, fiziki cəhətdən də komandanı düzəldə bilib. Qış fasiləsində bir qədər gücləndikdən sonra “Neftçi”nin daha baxımlı futbol sərgiləyəcəyinə şübhə etmirəm.

 

Ruslan SADIQOV