[b]Favoritlə autsayder üz-üzə, “Atletiko” qəniminə qarşı[/b]
04.04.2016 - 19:54
[b]Favoritlə autsayder üz-üzə, “Atletiko” qəniminə qarşı[/b]

Çempionlar Liqasında 1/4 final mərhələsi həyəcanı başlayır. Apasport.az saytının məlumatına görə, sabah yarımfinal yolunda ilk görüşlərə start veriləcək.

 

Sabah əsas diqqətlər İspaniya derbisinə yönələcək. İki gün öncə “El Klasiko”da “Real”a məğlub olaraq 39 oyunluq seriyası qırılan “Barselona” bu dəfə Madrid şəhərinin digər təmsilçisi “Atletiko”nu qəbul edəcək.

 

La Liqada çempionluq uğrunda əsas rəqiblərindən olan “Barsa” ilə səfər matçına “qırmızı-ağlar” sərfəli nəticə üçün çıxacaqlar. Baş məşqçi Dieqo Simeone bu oyunda zədəli Tiaqonun xidmətindən məhrum qalacaq. Əsas heyət üzvlərindən Xose Ximenes,  Dieqo Qodin və Oliver Torresin durumu qeyri-müəyyəndi. Kataloniyalılarda isə müdafiəçilər Adriano Korrea və Jeremi Matyunun yoxluğunu ciddi itki saymaq olmaz. 2010-cu ildən bəri keçirilən son 18 matçın cəmi 1-də bu rəqibi üzərində qələbə qazanan “Atletiko”nun “Nou Kamp”da işi heç də asan olmayacaq. Üstəlik, axır 6 görüşün hamısında “Barsa”nın qalib gəldiyini də qeyd etmək lazımdı.

 

Turnirin əsas favoritlərindən olan “Bavariya” 1/4 final mərhələsinin ən zəifi sayılan “Benfika”nı sınağa çəkəcək. Öz ölkələrində çempionluğa yaxın olan komandaların duelində almanlar aşkar favoritdilər. Münhen komandasında zədəli müdafiəçilər Holqer Badştuber və Jerom Boatenq bu qarşılaşmanı da buraxacaqlar. Həmçinin Medhi Benatia və Aryen Robben də məşqçilər korpusunun ixtiyarında olmaya bilər. “Benfika”nın heyətlə bağlı problemləri daha böyükdü. Julio Sezar, Lisandro Lopes, Luizao və Nuno Santos Almaniyaya aparılmayıb. Həmçinin Joao Teyşeyra və Fransisko Vera da hazırda zədədən əziyyət çəkirlər. Son iki futbolçunun iştirakı sual altındadı. Bu itkilərə baxmayaraq, axır 8 rəsmi görüşün hamısında qələbə qazanan portuqaliyalılar rəqibə sürpriz yaşatmaq əzmindədilər.

 

Bütün diqqətini Çempionlar Liqasına yönəldən “Real” aprelin 6-da “Volfsburq”a Almaniyada qalib gələrək, cütün taleyini ilk matçdaca həll etməyə çalışacaq. Uğursuz mövsüm keçirən “canavarlar”ın yarımfinal şansı minimum göstərilir. Üstəlik, Sebastyan Yunq, Naldo kimi futbolçular zədə üzündən qarşılaşmanı buraxcaqlar. Həmçinin Daniel Kaliqiuri və Bas Dost da zədədən əziyyət çəkirlər. “Barselona” üzərində qələbə qazanaraq, Almaniyaya yüksək əhval-ruhiyyədə yollanan “kral klubu”nda isə yalnız Rafael Varan oynamaq iqtidarında deyil. İdeal heyətin baş məşqçi Zinəddin Zidanın xidmətində olması “Real”ın şansını birə-beş artırır.

 

Bu mərhələnin ən maraqlı matçları PSJ ilə “Mançester Siti” arasında oynanılacaq. İlk görüş öncəsi hər iki tərəfin heyətlə bağlı problemləri kifayət qədərdi. “Şəhərlilər”də Fabian Delf, Vinsent Kompani, Fernando, Yaya Ture, Rahem Sterlinq və Co Hart zədədən əziyyət çəkirlər. Onlardan son 3-nün hələ də oynamaq şansı var. Fransızlarda isə Serge Aurierin zədəsinin durumu ağırdı. Həmçinin Salvator Siriqu, Anxel di Mariya, Xavyer Pastore, Marko Verratti və Bleyzi Matuidi də zədəlidi. Onlardan kimlərin ilk qarşılaşmada meydana çıxacağına hələ aydınlıq gəlməyib.

 

 

Çempionlar Liqası

1/4 final mərhələsi, ilk oyunlar

 

5 aprel

22:45. “Barselona” (İspaniya) – “Atletiko” (İspaniya)

Hakimlər: Feliks Brix, Mark Börş, Stefan Lupp, Marko Açmüller

Əlavə köməkçi hakimlər: Bastian Dankert, Marko Frits (hamısı Almaniya)

Barselona. “Nou Kamp” stadionu

 

22:45. “Bavariya” (Almaniya) – “Benfika” (Portuqaliya)

Hakimlər: Şimon Marçinyak, Pavel Sokolniçki, Tomaş Listkieviç, Radoslav Sieyka

Əlavə köməkçi hakimlər: Pavel Raçzkovski, Tomaş Musial (hamısı Polşa)

Münhen. “Allianz Arena”

 

6 aprel

22:45. PSJ (Fransa) – “Mançester Siti” (İngiltərə)

Hakimlər: Milorad Maziç, Milovan Ristiç, Dalibor Corceviç, Nemanya Petroviç

Əlavə köməkçi hakimlər: Danilo Qrujiç, Nenad Cokiç (hamısı Serbiya)

Paris. “Park de Prens” stadionu

 

22:45. “Volfsburq” (Almaniya) – “Real” (İspaniya)

Hakimlər: Canluka Rokki, Elenito di Liberator, Canluka Kariolato, Mauro Tonolini

Əlavə köməkçi hakimlər: Antonio Damato, Karmine Russo (hamısı İtaliya)

Volfsburq. “Volfsburq Arena”

0