Artıq "at ili"ni geridə qoyub, "qoyun ili"ni qarşılamağa hazırlaşırıq. Çin təqviminə inansaq, "qoyun ili"ndə bolluq yaranır, insanlar yaxşılıqlar etməyə daha çox meyilli olurlar. "Qoyun ili"ndə doğulan insanlar isə ürəyi yumşaq olurlar, heç bir səbəb olmadan kədərlənə, ağlaya bilərlər.
Apasport.az xəbər verir ki, "qoyun ili"ndən olan bir çox tanınmış futbolçumuz var. Elxan Həsənov, Zaur Tağızadə, Samir Musayev, Samir Əliyev, Ruslan Musayev, Ceyhun Sultanov, Cahangir Həsənzadə, Elşən və Ruslan Poladov qardaşları, Bədavi Hüseynov və Səlahət Ağayev müvafiq olaraq, 1967, 1979, 1991-ci ildə, yəni "qoyun ili"ndə anadan olublar.
Öz dövrünün ən yaxşılarından olan Vidadi Rzayev də 1967-ci il təvəllüdlüdü. Biz də müsahib kimi məhz onu seçdik. Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Yeni il xatirələrini bizimlə bölüşdü.
"Qoyunun xarakteri ilə mənimki uyğun gəlmir"
- Artıq “qoyun ili”nə giririk və siz də bu təqvim ilindənsiz...
- Açığı, belə şeylə heç vaxt maraqlanmamışam. Elə adamlar var ki, öz ilinin ona düşüb-düşmədiyini sınayır. Amma evdəkilər deməsələr, mən qarşıdan gələn ilin hansı il olduğunu bilmərəm. "Qız" bürcündən olduğumu da mənə övladlarım deyib.
- Qoyun təbiətcə sakit, dinc heyvandı. Bəs bu ildən olan insanların xasiyyəti necədi?
- Onun xarakteri ilə mənim xarakterim uyğun gəlmir (gülür). O sakitdi, mənim isə çılğınlığım, əsəbiliyim var. Amma axır vaxtlar sakitləşmişəm. Daha əvvəlki kimi hər şeyə əsəbləşmirəm. Bəlkə elə qarşıdan gələn “qoyun ili”nin də buna təsiri var. Axır vaxtlar dini kitablar oxuduğum üçün xasiyyətim də yavaş-yavaş dəyişir. Amma futbol oynadığım vaxtlar tamam başqa insan idim. Çılğın, söyüş söyən idim, özümü idarə edə bilmirdim.
Ümumiyyətlə insanlar qoyun sözündən bir-birlərinə qarşı da istifadə edirlər. Bu bənzətmə yəqin ki, qoyun qorxaq heyvan olduğu üçün edilir. Amma qoyunun insana faydaları çoxdu. Ramazan bayramında insanlar qoyun kəsib paylayır, savab iş görürlər.
- “Qoyun ili”ndən olan futbolçular arasında kimi ən güclü sayırsız?
- Zaur Tağızadə çox güclü futbolçu olub. Pis çıxmasın, Zaur ilinə uyğun olaraq təbiətcə çox sakit, yalnız öz işi ilə məşğul olan insandı. 1979-cu il təvəllüdlü uşaqların çoxu “Şəfa”da üzə çıxıb. Onların hamısı ilə bir yerdə oynamışam. Həmin nəslin oyunçuları arasında Zauru digərlərindən üstün sayıram.
"Ermənilər yaşayan evə papaq atmışdıq"
- Artıq yeni il ərəfəsindəyik, amma bayram ab-havası hiss olunmur...
- Siz də bilirsiz ki, Yeni il bizim bayramımız deyil. Sadəcə, bütün dünya qeyd elədiyindən, Azərbaycanda da bunu qeyd edirlər. Bizim ölkədə Novruz bayramı daha gözəl qeyd olunur. Keçmiş SSRİ dönəmində də Novruz bayramı günlərində gedib papaq atardıq. Elə indinin özündə də uşaqlar Novruz bayramını səbirsizliklə gözləyirlər ki, papaq atsınlar.
- Bəs heç Yeni il bayramında papaq atmısız?
- Bəli. Uşaqlarla yığışıb düşürdük küçələrin canına. Bizim rayonda ermənilər çox olardı. Bir dəfə təsadüfən gedib ermənilər yaşayan evə papaq atmışdıq. Bir də gördük ki, papaqlarımız göydə uçuşur. Sonra böyüklərimiz dedi ki, onlar ermənilərdi.
- Düzünü deyin, uşaq vaxtı Şaxta Babanın varlığına inanırdız?
- Yox vallah. Heç vaxt buna inanmamışam. Yeni il olanda mən Şaxta Babanı yox, qarın yağmasını gözləmişəm. İndi uşaqlar həyəcanla yeni ilin gəlməyini gözləyirlər ki, əylənsinlər. Amma hələ dərk eləmirlər ki, ömürdən gedir. Rusun bir yaxşı sözü var e: “vaxt getmir, biz gedirik”. Həqiqətən də, elədi. Yavaş-yavaş ömrümüzdən gedir.
- Yeni ili ölkə xaricində qarşıladığınız vaxt olub?
- Xeyr. Hələ Sovet dönəmində də dekabrın sonlarında çempionatda fasilə yaranırdı, istirahətə yollanırdıq. İndi də elədi. Ona görə də, Yeni ili hamı evində qeyd edirdi. Amma Novruz bayramını xaricdə qeyd etdiyimiz anlar olub. Yaxşı yadımdadı, bir dəfə komanda şəklində Soçidə tonqal qalayıb, Novruz bayramını qeyd etmişik. Həmin vaxt baş məşqçimiz Ağasəlim Mircavadov idi. O, evlərindən futbolçular üçün nə qədər şəkərbura, paxlava aparmışdı.
"Quş kimi uça bilsəydim..."
- 2015-ci ildən nə gözləyirsiz?
- Ən yaralı yerimiz Qarabağdı. İnşallah, xalqımız öz qədim yurduna qayıdar. Torpaqlarımızın 20 faizinin işğal altında olduğu bir vaxtda başqa nəsə arzulaya bilmərəm. Mənim arzum odu ki, torpaqlarımız alınsın, gedib oraları gəzim. Ağdamda, Xankəndində olmuşam. Təəssüf ki, Şuşa, Laçın, Kəlbəcərdə olmamışam. İnşallah, oraları görmək də mənə nəsib olar.
- Maralların qoşulduğu kirşə ilə səyahətə çıxmaq istərdiz?
- Məmnuniyyətlə səyahət edərdim. Mən özüm cizgi filmi “xəstəsi” olmuşam. Elə bu yaşımda da baxıram. Hərdən xəyala dalırsan ki, bu real olaydı, Şaxta Baba və Qar qızın yanında oturub səyahət edərdin. İnsan uçmağı da istəyir. İnanmıram kiminsə könlündən quş gözü ilə uçub, göydən yerə baxmaq keçməsin. Daha təyyarə ilə yox da. Quş kimi uça bilsəydim, gedib Laçını, Şuşanı görüb gələrdim.
- Futbol ictimaiyyətində kimi Şaxta baba obrazına yaraşdırardız?
- Cavandan Şaxta Baba çıxmaz. Gərək yaşlılardan olsun. Mən Mehman Allahverdiyevi yaraşdırıram. Çünki, həqiqətən də, çox zarafatcıl, qəlbi təmiz, həmişə gülümsəyən adamdı. Onu tək-tük halda qəmli halda görərsən. Amma bir balaca arıqdı, yedizdirib kökəltmək lazımdı ki, Şaxta Babaya oxşasın (gülürük).
- Bəs onun yanında Qar qız kim olsun?
- Hansı futbolçunu Qar qız eliyək? (gülür) Müğənni Röyadan yaxşı Qar qız çıxar. Həm arıq, həm gözəl-göyçək xanımdı.
Ruslan SADIQOV