"Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Rəşad Sadiqovun apasport.az saytına müsahibəsi
- “Qarabağ” sabah Avroliqanın qrup mərhələsinin II turunda İtaliyanın “İnter” klubu ilə üz-üzə gələcək. Vaxtı ilə siz də “Neftçi”nin heyətində qrup mərhələsində bu komandaya qarşı oynamısınız. Sabahkı qarşılaşmadan nə gözləyirsiniz?
- Əvvəlcə onu deyim ki, “Qarabağ” çox yaxşı komandadır və onlardan yaxşı oyun gözləyirəm. İnanıram ki, ən azından öz oyunlarını göstərəcəklər. Onların Azərbaycanı layiqincə təmsil edəcəklərinə inanıram. Çünki “Qarabağ”ın bunu bacaracaq heyəti var. “Neftçi” 2 il bundan öncə “İnter”ə layiqli müqavimət göstərmişdi. Düşünürəm ki, indi də növbə “Qarabağ”dadır.
- 2 il öncə “Neftçi”nin Milanda “İnter”lə oyunda qazandığı (2:2) nəticəni indi “Qarabağ” əldə edə bilər?
- Mənə elə gəlir ki, nəticə təkrarlaya bilər. Çünki hamımız bu komandanın potensialını bilirik. Mən şəxsən onlara inanıram. Ola bilər ki, “Qarabağ” daha yaxşı nəticə göstərib qələbə qazansın. Futboldur və hər şey baş verə bilər. Ən azından komandamızdan yaxşı oyun, layiqli müqavimət gözləyirəm.
- Sizin oynadığınız “İnter”lə indiki komanda arasında hansı fərqlər var? O vaxtkı komanda güclü idi, yoxsa indiki?
- Bunu demək çətindir. Bu komanda İtaliyanı təmsil edir və onların futbolunun hansı səviyyədə olduğunu bütün dünya bilir. Amma yəni 2 il öncə olan komanda ilə indiki komandanı müqayisə edə bilmərəm. Çünki bu onlara qarşı oynayandan sonra bilinir. Məsələn, mən indi “Qarabağ”ın heyətində bu rəqibə qarşı çıxış etsəydim, deyə bilərdim ki, hansı gücə malikdirlər.
- Bəs, Avroliqanın qrup mərhələsində oynayan “Neftçi” ilə “Qarabağ”ın necə müqayisə edərdiz?
- Mənə elə gəlir ki, hər ikisi eyni səviyyədə komandalardır. Qrup mərhələsində oynayan “Neftçi” ilə indiki “Qarabağ” eyni gücə malikdirlər.
- Hazırda İtaliya mətbuatı “İnter”i müdafiədə oynayan komanda adlandırır. Sizcə, bu komandanın hansı mövqeyi daha güclüdür?
- Məncə, bu səhv fikirdir ki, onlar sırf müdafiədə oynayırlar. Çünki 2 il öncə də onlar qrupda və daxili çempionatda demək olar ki, bütün oyunlarda top buraxırdılar. Deyərdim ki, hücum xətti güclüdür. Çox qol vururlar, amma qapılarından da top buraxırlar.
- “İnter”ə Milanda “Cüzeppe Meatsa” stadionunda baxımlı qol vurmuşdunuz. Həmin qolu necə xatırlayırsınız və sabahkı oyunda “Qarabağ”ın heyətində kimdən qol gözləyirsiz?
- Qol vurmaq qismətdir. O vaxt mənim qismətimdə qol var idi və vurdum. “Qarabağ”ın heyətində qol vura bilən futbolçular çoxdur. Oyun göstərəcək kim fərqlənəcək. Onlara uğurlar arzu edirəm.
- “Qarabağ”ın düşdüyü qrup haqqında fikirləriniz necədir?
- Çox çətin qrupdur. Avroliqada ümumiyyətlə asan komanda yoxdur. Mən elə gəlir ki, 2 il öncə “Neftçi” necə çətin bir qrupda idisə, indi də “Qarabağ” eyni vəziyyətdədir. Bacarıb mümkün qədər çox xal yığmaq lazımdı.
Elsevər MƏMMƏDOV