Tariximizin nə qədər acı və qanlı günlərindən biri kimi sayılsa da, həm də şərəf günü kimi anılan 20 Yanvar faciəsini “Xəzər Lənkəran” klubunun futbolçuları da unutmayıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün səhər məşqindən öncə “ağ-yaşıllar”ın məskunlaşdığı otelin akt zalında futbolçulara 25 il öncə baş vermiş faciə haqqında məlumat verilib.
“Xəzər Lənkəran”ın idman direktoru Yunis Hüseynov çıxışında həmin gün baş verənlərlə bağlı xatirələri danışaraq bu şərəfli günün tarix boyu xalqımızın yaddaşından silinməyəcəyini vurğulayıb.
Daha sonra səhər məşqində toplanışda iştirak edən bütün heyət meydanda şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib. “Xəzər Lənkəran” sabah keçirəcəyi yoxlama oyununda da meydana qara sarğı ilə çıxacaq.