Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun şərəfini qoruduğu “Rubin” klubu Türkiyə Superliqasından futbolçu transfer etmək niyyətindədir. Apasport.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, Rusiya təmsilçisi “Fənərbaxça”nın seneqallı hücumçusu Musa Souya elçi düşüb.
Belə ki, kazanlılar bu keçidi rəsmiləşdirmək üçün “sarı-lacivərdlilər”ə 10 milyon avro məbləğində təklif göndərməyə hazırlaşır. Lakin İstanbul klubunun 28 yaşlı forvardı daha yüksək məbləğə satmaq niyyətində olduğu deyilir.
Qeyd edək ki, Seneqal millisinin də üzvü olan Sou 2012-ci ildə Fransa təmsilçisi “Lill”dən “Fənərbaxça”ya transfer olunub. Cari mövsüm Superliqada 18 matça çıxan və 9 qol, 4 məhsuldar ötürmə ilə yadda qalan təcrübəli futbolçunun 2016-cı ilə qədər klubu ilə müqaviləsi var.