AFFA-dan “qoçu”lara cəza yağışı
20.05.2014 - 14:51
AFFA-dan “qoçu”lara cəza yağışı

AFFA-nın bu gün keçirilən İntizam Komitəsinin iclasında son 1 həftədə ölkə futbolunda yaşanan xoşagəlməz hadisələrə hüquqi qiymət verilib. Apasport.az saytının məlumatına görə, müxtəlif liqalarda hakimlərə, rəqibinə və azarkeşlərə qarşı qayda pozanlar ağır cəzalarını alıb.

 

I divizionda keçirilən “Lokomotiv” – “Şahdağ” matçının 85-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Kənan Cəfərov azarkeşlərə qarşı qeyri-etik ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Bu üzdən də futbolçu 3 oyunluq cəza, komandası 200 manat cəriməyə layiq görülüb.

 

“Rəvan”ın üzvləri də “qəhrəmanlar” arasında olub. U-19-un oyunçusu Anar Həsənov AZAL-la oyunda rəqibi təhqir edib. Ona da 3 oyunluq cəza verilib. U-13-ün “Neftçi” ilə qarşılaşmasında hakimi söyən Seyxan Fərəcov 4, aqressiv oyuna görə qırmızı alan Ülvi Heydərli 2 matçlıq cəza alıb. Komandanın baş məşqçisinin hakimi söyməsi isə 5 oyunluq cəza ilə nəticələnib. Lakin Hakimlər Komitəsinə də matçın idarəçiliyini araşdırıb lazımi tədbir görməsi tapşırılıb.

 

U-16 Liqasında keçirilən “Neftçi” – “Simurq” görüşündə isə Sərxan Əhmədli ilə Firudin Mövsümov bir-birlərinə qarşı aqressiv davranıb. Onların hər ikisi 4 turluq istirahət qazanıb.

 

U-11 Liqasının “İnter” – TİM (Gəncə) matçında isə “Kəpəz”lə dəfələrlə Azərbaycan çempionatlarının mükafatını qazanmış futbol veteranı Ceyhun Tanrıverdiyev fərqlənib. Gəncə təmsilçisinin baş məşqçisi hakimləri təhqir etidiyi üçün 5 oyun komandasının yanında olmayacaq.

 

Ən ağır cəza isə həvəskarlardan ibarət “Bunə” komandasının futbolçusu Əlfəddin Vəliyevə verilib. “Naftalan”la görüşündə hakimi vuran oyunçu 10 matçlıq cəza alıb.