[b]AFFA-dan Mirbağır İsayevin istefasına münasibət[/b]
23.03.2015 - 14:22
[b]AFFA-dan Mirbağır İsayevin istefasına münasibət[/b]

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Mirbağır İsayevin istefasının qəbul olunub-olunmaması ilə bağlı qərar martın 29-dan sonra veriləcək. Bu barədə apasport.az saytına AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin sədri Mikayıl Nərimanoğlu məlumat verib.

 

Belə ki, U-17-nin baş məşqçisi Mirbağır İsayev Avropa çempionatının elit-raundunun II qrupunun son oyununda Serbiya yığmasına 0:4 hesabı ilə məğlub olduqdan sonra komandadan ayrıldığını açıqlayıb. Nərimanoğlunun sözlərinə görə, çalışdırıcı ilə bağlı yekun qərar özünün və Məşqçilər Komitəsinin hesabatını dinlədikdən sonra veriləcək: “Mirbağır İsayev serblərlə qarşılaşma bitən kimi Elxan Məmmədovla danışaraq, istefa verdiyini bildirib. Ancaq baş katib oyundan dərhal sonra belə qərarın tez olmasını deyib. O, İsayevə həyəcanlı vaxtı istefa verməyin düzgün olmadığını, tələsməməyi və səbirli olmağı tövsiyə edib. Həmçinin nəzərinə çatdırıb ki, 2-3 günə fikrini bildirər. Ancaq İsayev istefa verəcəyini deyərək, mətbuata açıqlayıb. Bayram bitdikdən sonra baş məşqçinin və Məşqçilər Komitəsinin hesabatları dinləniləcək və buna uyğun da qərar veriləcək”.

 

Qeyd edək ki, U-17 yığmamız Bakıda keçirilən elit-raundun II qrupunda hər 3 oyunda məğlub olub. Qapısında 11 qol görən komandamız 1 dəfə belə fərqlənə bilməyib.