AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XXVIII turunun oyunlarında yaşananlar müzakirə edilib.
AZAL-la ev oyununda 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Sumqayıt” 1000 manat cərimə olunub. Meydan sahiblərini məşqçi Mehman Yunusov da ziyana salıb. 55-ci dəqiqədə texniki zona qaydalarını pozan çalışdırıcı 1 oyunluq cəzalanıb, klubunu 1000 manat cəriməyə məruz qoyub.
“Neftçi” və “Xəzər Lənkəran” arasında “Böyük oyun”un 28 və 32-ci dəqiqələrində bakılıların azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 1000 manat ödəməlidir.
“Bakı” – “Simurq” qarşılaşmasının 45+1-ci dəqiqəsində ev sahiblərinin futbolçusu Vüqar Mustafayev rəqibi təhqir etdiyi görə qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəzalanıb. Paytaxtın eyniadlı klubu 2 min manat cərimələnib.
“Qarabağ” – “Qəbələ” matçının 78-ci dəqiqəsində ikinci sarı vərəqəyə görə meydandan qovulan qonaqların müdafiəçisi Elnur Allahverdiyev 1 oyunluq cəzaya layiq görülüb. “Qəbələ” futbolçusu üçün 200 manat cərimə olunub. Görüşün 65-ci dəqiqəsində hakimi təhqir edən qonaqların məşqçisi Andrey Syominin cəzası daha ağır olub. Rusiyalı çalışdırıcı 5 oyunluq cəzalanıb və klubunu 5 min manat ziyana salıb.