“Bakı” klubunun FİFA tərəfindən cəzalanması hələ rəsmiləşməyib. Apasport.az saytının məlumatına görə, sabiq futbolçusu Ruslan Leviqaya olan borcunu ödəməyən klubun FİFA sanksiyasına məruz qalacağı gözlənilsə də, məsələ ilə bağlı qərar hələ açıqlanmayıb.
Dünya futbol qurumu paytaxt təmsilçisi barədə hər hansı qərar vermiş olsaydı, ilk növbədə AFFA-nı məlumatlandırmalı idi. Çünki qəbul olunmuş qaydalara əsasən beynəlxalq qurumlar klublarla birbaşa əlaqə qurmur, sənədləri müvafiq assosiasiyalara təqdim edir. Onlar isə öz növbəsində klubu məlumatlandırır və müvafiq tədbirlər görür.
Lakin Leviqanın FİFA-nın Mübahisələrin Həlli Palatasına şikayəti ilə və çıxarılan qərarla bağlı AFFA-ya heç bir sənəd daxil olmayıb. Bunu apasport.az saytına açıqlamasında assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu açıqlayıb: “Bakı”nın cəzalanması ilə bağlı rəsmi məlumat yoxdur. Bununla bağlı FİFA-dan AFFA-ya heç bir məlumat daxil olmayıb”.
Lakin bu, o demək deyil ki, “Bakı” cəzalanmayacaq. Qurum rəsmisi bu məlumatın yaxın günlərdə gələ biləcəyini istisna etmir: “Hələlik belə bir sənəd almamışıq”.
Qeyd edək ki, Bolqarıstan mətbuatı FİFA-nın klubla bağlı qərar çıxardığını, buna əsasən təmsilçimizin iki “transfer pəncərəsi”ndə heyətinə yeni oyunçu qata bilməsinə qadağa qoyulduğunu iddia edir.