AFFA “Qarabağ”ı cəzalandırdı
09.05.2014 - 11:23
AFFA “Qarabağ”ı cəzalandırdı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XXXIV turunda yaşanalar müzakirə olunub və müvafiq qərarlar çıxarılıb.

 

“Qarabağ” – “İnter” matçının 75 və 80-ci dəqiqələrində meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə olunduğu üçün klub 1000 manat cərimə olunub.

 

“Xəzər Lənkəran” – “Sumqayıt” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığından klub 1000 manat ziyana düşüb.

 

AZAL – “Neftçi” qarşılaşmasında qırmızı vərəqə alanların cəzası fərqli olub. Matçının 58-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan AZAL-ın futbolçusu Kərim Diniyev 1 oyunluq cəzalanıb, klubunu 200 manat xərcə salıb. Onun komanda yoldaşı Murad Ağayevin cəzası daha ağır olub. Oyunun 86-cı dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan futbolçu 2 oyunluq cəza və 2000 manat cəriməyə layiq görülüb. Bu isə o deməkdir ki, Ağayev üçün mövsüm başa çatıb.

 

“Rəvan” – “Simurq” görüşündə 73-cü dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan İlkin Qırtımov isə 1 matçlıq cəza alıb və klubunu 200 manat ziyana salıb.