Topaz Premyer Liqasında legioner limitinə yenidən baxılacaq. Apasport.az saytının məlumatına görə, buna səbəb çempionatda mübarizə aparan klubların hazırda qüvvədə olan 7+3+1 (7 legioner, 3 yerli və 1 nəfər yaşı 21-dək olan yerli futbolçu) sistemində narazı olmalarıdır.
Bu gün AFFA-nın Futbol Akademiyasında baş katib Elxan Məmmədov, PFL prezidenti Ramin Musayev və Azərbaycan millisinin çalışdırıcısı Berti Foqtsun elitada çıxış edən klubların baş məşqçiləri ilə görüşündə limit məsələsi müzakirə olunub.
Aparılan fikir mübadiləsindən sonra 6+5 sisteminin daha münasib olması qənaətinə gəlinib. Klubların böyük əksəriyyəti hazırkı limitdən narazıdır. Bu qərardan narazı olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla “Xəzər Lənkəran”ın çalışdırıcısı Mustafa Dənizlinin martın 7-də İcraiyyə Komitəsinin növbəti iclasına qatılması və klubların mövqeyini toplantı iştirakçılarının diqqətinə çatdırması nəzərdə tutulub.
Qeyd edək ki, ötən il avqustun 14-də keçirilmiş İcraiyyə Komitəsinin iclasında qəbul olunan qərara əsasən, 2014-2015-ci il mövsümündən başlayaraq limit 6+5 sistemi ilə tətbiq edilməli və 5 yerli futbolçudan 2-si 21 yaşadək olmalıdır.