AFFA Quzanlıda yenidən meydança istifadəyə verəcək
28.03.2014 - 10:29
AFFA Quzanlıda yenidən meydança istifadəyə verəcək

“Ağdam rayonunun icra hakimiyyətinin başçısının müavini Zülfi Qasımovla danışdım. O, mənə Quzanlıda yeni süni örtüklü meydançanın tikilməsi üçün şərait yaradılacağını bildirdi”. Bu sözləri apasport.az saytına AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu deyib.

 

Təxminən 3 ay əvvəl Ağdam rayonunun Quzanlı qəsəbəsində AFFA süni örtüklü meydança inşa etdirmişdi. Ancaq sonradan bu ərazidə Avropa səviyyəli lisey tikilməsi qərara alındığından, meydança sökülməli olmuşdu.

 

Nərimanoğlunun sözlərinə görə, artıq bu problem aradan qalxıb və tezliklə Quzanlıda yeni meydançanın salınmasına başlanılacaq: “Quzanlıda rayon icra hakimiyyəti başçısının müavini Zülfi Qasımov, eləcə də Ağdam rayonu üzrə AFFA nümayəndəsi Elbrus Abbasovla danışdım. Qasımov bizə meydança salınması üçün bir neçə ərazi təklif etdi. İndi bu ərazilərdən hansının münasib olmasına qərar veriləcək. Hansı ərazi münasib olsa, orda da meydançanın düzəldilməsinə başlanılacaq. Süni örtüyün salınması xərclərini isə AFFA çəkəcək”. 

 

0