Ağasəlim Mircavadov: Futbolçu öz oyunu ilə əsas heyətə düşməlidir
07.03.2014 - 13:12
Ağasəlim Mircavadov: Futbolçu öz oyunu ilə əsas heyətə düşməlidir
"Limitlə bağlı öz təklifi verdim. Fikrimcə, 6+5 sistemi tətbiq olunmaqla, 21 yaşadək 2 futbolçunun əsas heyətə yox, “18-lik”də yer alması daha məqsədəuyğundur”. Bu sözləri apasport.az saytına milli komandamızın sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.

AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında əsas müzakirə mövzusu Topaz Premyer Liqasında legioner limiti olub. Toplantıda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla “Xəzər Lənkəran”ın çalışdırıcısı Mustafa Dənizli ilə yanaşı, Mircavadovun da fikri öyrənilib.

Ölkəmizin ən titullu məşqçisi olan təcrübəli mütəxəssis bildirib ki, futbolçu öz oyunu ilə əsas heyətə düşməlidir, başqa şərtlərlə yox: "Hazırda klublarda çıxış edən 21 yaşadək futbolçuların əksəriyyətinin 22 yaşı olacaq. Onlar limit həddini keçəndən sonra kluba lazım olacaqlar? Çoxuna ehtiyac duyulmayacaq. Ona görə də, 21 yaşadək futbolçunun əsas heyət yer alması ilə bağlı şərti düzgün saymıram. Bu elə yaşdır ki, futbolçu öz oyunu ilə əsas heyətə düşməlidir. Məgər Araz Abdullayevi və ya Qara Qarayevi kimsə süni şəkildə qabağa çəkdi? Əsas heyətdə 23 yaşadək 1 futbolçunun olmasına gəlincə, bu haradan çıxdı? 23 yaşında dünya çempionu olurlar”.