Ağasəlim Mircavadov: Onsuz da hər səhər namaza dururam...
26.05.2014 - 13:10
Ağasəlim Mircavadov: Onsuz da hər səhər namaza dururam...

“ABŞ kimi yığma ilə oynamaq hər komandaya qismət olmur”. Bunu apasport.az saytına “Şöhrət” ordenli mütəxəssis Ağasəlim Mircavadov deyib.

 

Millimiz mayın 28-də Bakı vaxtı ilə saat 07:00-da ABŞ-la yoldaşlıq oyunu keçirəcək. Qarşılaşmanın erkən başlaması futbol azarkeşləri üçün problem yaradacaq. Çünki mayın 28-i ölkəmizdə bayram günü olacağından, həmin radələrdə çoxları yuxusuna haram qatmaq istəməyəcək.

 

Bəs görəsən, millimizin sabiq baş məşqçisi Ağasəlim Mircavadov bu haqda nə düşünür: “Belə oyunu qaçırmaq olmaz. ABŞ yığması ilə görüş hər dəfə ələ düşmür. Mənim üçün səhər tezdən oyanmaq problem deyil. Onsuz da hər gün saat 6-nın yarısı sübh namazına dururam. Namazımı qıldıqdan sonra televiziya qarşısına keçib, matçın başlanmasını gözləyəcəyəm”.

 

Yuri Syominin gedişi dəqiqləşdikdən sonra Mircavadovun adı “Qəbələ”nin baş məşqçisi postunda hallanmağa başlandı. Təcrübəli mütəxəssis bu haqda belə dedi: “Qəbələ” rəhbərliyindən heç kim mənimlə əlaqə saxlamayıb. Mən də sizin kimi bu haqda mətbuatdan, ordan-burdan eşitmişdim. Amma heç kim mənimlə danışmayıb və hazırda öz işlərimi görməkdəyəm”.

 

Qeyd edək ki, “Qəbələ” baş məşqçi postuna yaxın günlərdə əcnəbi çalışdırıcı gətirəcək. Ancaq klub rəhbərliyinin hazırda hansı xarici mütəxəssislə danışıq apardığı bilinmir.