[b]Ağasəlim Mircavadovun AVRO-2016 seçimi[/b]
23.02.2014 - 14:45
[b]Ağasəlim Mircavadovun AVRO-2016 seçimi[/b]

“İstərdim ki, 6 komandanın yer aldığı qrupda yer alaq. İlk səbətdən Bosniya və Herseqovinanın bizim qrupa düşməsini istəmirəm. Bu komanda dünya çempionatına ilk dəfə vəsiqə qazansa da, onların mundialdan sonra necə çıxış edəcəyini bilmirik”. Bunu apasport.az saytına vaxtı ilə millimizin baş məşqçisi olmuş Ağasəlim Mircavadov deyib.

 

Mircavadov 2016-cı ildə Fransada keçiriləcək Avropa çempionatının püşkatması ilə bağlı fikirlərini bildirib.

 

Onun sözlərinə görə, ilk səbətdən millimizin yer aldığı qrupa Avropanın top komandasının düşməsi daha yaxşı olar. O, fikrini belə izah edir: “İtaliya kimi komandanın qrupumuzda yer almaması yaxşı olar. Çünki onlar bəzən özündən zəif komandalara xal paylayır. İtaliyadansa İspaniya, Almaniya və Hollandiyanın I səbətdən bizim qrupa düşməsini istəyirəm. Bu komandalar maksimum nəticə qazanır və bizimlə Avropa çempionatına vəsiqə qazanmağa iddialı olanlara xal verməyəcək. İstəyərdim ki, qrupumuzda vahid lider olsun. Ötən tsikldə Rusiya və Portuqaliya bizə düşdüyündən, vahid lider yox idi. Zəiflər də xallarını alırdı”.

 

Veteran məşqçi digər səbətlərdən hansı yığmaların millimizlə düşməsinin daha məqsədəuyğun olduğunu da açıqladı: “II səbətdən Ukrayna, Macarıstan və İrlandiya ilə düşsək, onlarla oynaya bilərik. Bu komandalardan səfərdə də xal almaq olar. III səbətdən Çernoqoriya və İsraillə də görüşsək, yaxşı olar. Türkiyə ilə isə düşmək istəməzdim. Onlara qarşı oyunumuz alınsa da, nəzərə almalıyıq ki, türklər ötən tsikldəki uğursuzluğu unutdurmaq üçün bu il qarşılarına nəyin bahasına olur-olsun Avropa çempionatına çıxmaq məqsədi qoyub. IV səbətdən isə Latviya, Estoniya, Uelsdən biri bizim üçün münasib rəqibdir. Uelsə əvvəllər qalib gələ bilməsək də, indi bu komanda əvvəlki kimi deyil”.

 

Mircavadov autsayderlərin yer aldığı VI səbətdə isə Qazaxıstan millisindən çəkinir: “Qazaxıstanla düşməyimizi heç istəməzdim. Çünki SSRİ dönəmində də bu ölkənin klublarına qarşı oyunlarımız çətin keçirdi. Evdə onları həmişə məğlub etsək də, səfərdə çətinlik çəkirdik. Qazaxlardan başqa, sonuncu səbətdən istənilən komanda bizə düşsün. Cəbəlüttariq yığması bu seçmə mərhələdə debüt edəcək. Onların komandasının nəyə qadir olduğunu hələ bilmirik. Sonuncu tsikldə Lüksemburqa qalib gələ bilməməyimizi unutmamalıyıq. Ancaq dediyim kimi, həmin səbətdən bizə Qazaxıstan düşməsin”.

 

Səbuhi TOFİQOĞLU