“UEFA-nın saytının “Qarabağ” – “Valletta” oyununun başlanma vaxtı kimi saat 18:30-u göstərməsi həqiqəti əks etdirmir”. Bunu apasport.az saytına Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov deyib.
Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu olan “Qarabağ” – “Valletta” görüşünün başlanma saatı UEFA-nın saytında dəyişdirilib. Belə ki, görüşün əvvəlcədən nəzərdə tutulduğu kimi saat 21:30-da yox, 18:30-da başlayacağı göstərilib. Bu məsələni həmin qarşılaşmanın keçiriləcəyi arenanın direktoru vasitəsilə dəqiqləşdirmək qərarına gəldik.
Akif İsmayılov buna belə aydınlıq gətirdi: “Elə biz də bu xəbərlə tanışıq. Bu haqda heç bir məlumat verilmədiyindən, biz də təəccüb içindəyik. Amma UEFA tərəfindən vaxt dəyişdirilsəydi, “Qarabağ”ın xəbəri olardı. Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla əlaqə saxlamışam. O, qarşılaşmanın vaxtının dəyişdirilmədiyini, saat 21:30-da baş tutacağını bildirib. Artıq sifariş olunan bütün biletlərin üzərində də oyunun başlanma saatı kimi bu vaxt göstərilib. “Bakıelektrikşəbəkə”yə, Fövqəladə Hallar Nazirliyinə göndərəcəyimiz məktublarda da saat 21:30-u qeyd etmişik. Klubun meneceri Asif Əsgərov isə hazırda Avstriyadan Bakıya gəlir. O, UEFA ilə əlaqə saxlayıb bu məsələdə olan səhvin düzəlməsinə çalışacağını bildirib”.
Qeyd edək ki, tərəflərin ilk görüşü iyulun 15-də Maltada olacaq. Bakıdakı qarşılaşma isə iyulun 22-də baş tutacaq. Hər iki görüş saat 21:30-da başlayacaq.