Mövsümün sonunda futbola vidalaşmaq qərarı qəbul edən braziliyalı futbolçu Aleks de Souza Türkiyəyə dönə bilər. Apasport.az saytının məlumatına görə, “Fənərbaxça”nın keçmiş futbolçusu bu dəfə məşqçi kimi fəaliyyət göstərmək arzusundadır.
Baş məşqçi Aykut Kocamanla sözü düz gəlmədiyindən “Fənərbaxça”dan ayrılan Alexsin Türkiyəni tərk edən zaman dediyi sözlər unudulmur: “Türkiyəyə ilk dəfə ayaq basanda, 100 faiz braziliyalı idim. Ayrılanda isə 50 faiz braziliyalı, 50 faiz isə türkəm”. Onun yaxın dostu Samet Gözəllə əlaqə quraraq məlumatlar topladığı barədə xəbərlər dolaşır.
Hər fürsətdə “Fənərbaxça”lı olduğunu deyən Aleks keçmiş komandasında vəzifə tutmaq istəyir. Amma o, komandaya dərhal deyil, bir qədər təcrübə toplayaraq gəlmək fikrindədir. O, səhvə yol verməmək üçün məşqçi kimi ilk addımlarını Zikonun yanında və ya “Lüksemburq” klubunda atmaq, sonra isə “Fənərbaxça”ya qayıtmaq niyyətindədir.
Qeyd edək Ki, Aleks məşhur türkiyəli aparıcı Acundan teleaparıcılıq təklifi alsa da, ilk dövrlər yaşıl sahədə qalmaq istəyir.