“Qəbələ”yə keçidim mənim üçün ilk növbədə iddialı komandada oynamaq deməkdir. Elə bir klubun formasını geyinəcəyəm ki, onlar inkişaf etmək, uğur qazanmaq istəyir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin yeni transferi Aleksey Qay deyib.
Ukrayna millisinin və “Şaxtyor”un sabiq futbolçusu “Çernomorets”i Azərbaycan klubu dəyişməsinə münasibət bildirib. Qay ukraynalı həmkarlarımıza açıqlamasında keçidini doğuran səbəblərdən danışıb: “Əlbəttə ki, keçidim həm də yeni həyat təcrübəsidir. Axı mən heç vaxt ölkə xaricində çıxış etməmişəm. İndi belə imkan yaranıb ki, yeni mədəniyyət, mentalitetlə tanış olum. Elə bunun özü də mənim üçün çox vacib amildir. Əminəm ki, buna düzgün yanaşsaq, həm meydanda, həm də kənarda hər şey alınacaq. İndi mənim üçün Roman Qriqorçukla birlikdə həyat və karyeramda yeni səhifə açılır. Çalışacağıq ki, burada nəticələr qazanaq. Hətta “Çernomorets”də nail olduqlarımızdan da yaxşısına”.
Qeyd edək ki, Qay Azərbaycana gələnədək formasını geydiyi Odessa “Çernomorets”ində də “Qəbələ”nin yeni baş məşqçisi Roman Qriqorçukun rəhbərliyi altında çıxış edib.