Azərbaycanlı hakimlər Almaniya millisinin oyununa təyinat aldılar
05.03.2015 - 11:30
Azərbaycanlı hakimlər Almaniya millisinin oyununa  təyinat aldılar

FİFA dərəcəli referi Əliyar Ağayevin 2015-ci ildə idarə edəcəyi ilk beynəlxalq oyunların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin 2-ci qrupuna (Almaniya, Çexiya, Slovakiya, İrlandiya) bir müddət əvvəl təyinat alan təmsilçimizin hansı qarşılaşmalarda meydana çıxacağı da dəqiqləşib.

 

Ağayev martın 26-da Bakı vaxtı ilə saat 15:00-da başlayacaq Slovakiya – Almaniya və 5 gün sonra start fiti eyni vaxtda veriləcək İrlandiya – Slovakiya görüşlərində fit çalacaq. Birindi oyunda ona digər təmsilçimiz Zeynal Zeynalovla belçikalılar Tibo Nilsen və Conatan Lardot kömək edəcək. Digər qarşılaşmada isə həmyerlilərimizlə eyni briqadada almaniyalılar Eduard Beytingerlə Martin Petersen yer alacaq.

 

Hakimlərimiz Almaniya ilə İrlandiya arasında martın 28-də baş tutacaq qarşılaşmada da iştirak edəcək. Həmin görüşdə Zeynalov yan xətt hakimi, Ağayev isə 4-cü ədalət təmsilçisi kimi meydana çıxacaq. Danimarkalı Yens Maaenin idarə edəcəyi matçın digər laynsmanı onun həmyerlisi Amir Sabiç olacaq.