Amerika kubokunda iştirakçıların tam siyahısı müəyyənləşdi
09.01.2016 - 16:54
Amerika kubokunda iştirakçıların tam siyahısı müəyyənləşdi

ABŞ-da keçiriləcək Amerika kubokuna son vəsiqələrin sahibləri bəlli olub. Apasport.az saytının məlumatına görə, tarixində ilk dəfə Cənubi Amerikadan kənarda keçiriləcək qitə birinciliyində Haiti və panama da mübarizə aparacaq.

 

Onlar iyunun 3-26-da baş tutacaq yarışdakı 6 KONKAKAF təmsilçisi sırasında yer alıb. Meydan sahibləri, həmçinin Meksika, Kosta-Rika və Yamayka da Amerika kuboku adıyla tanınan Cənubi Amerika çempionatında qüvvəsini sınayacaq.

 

Turnirdə Cənubi Amerikanın bütün komandaları iştirak edəcək. Braziliya, Argentina, Uruqvay, Kolumbiya, Peru, Paraqvay, Ekvador, Venesuela, Çili və Boliviya da ABŞ-da çıxış edəcək.

 

Qeyd edək ki, 1916-cı ildə yaradılan Cənubi Amerika Futbol Konfederasiyası ilk rəsmi qitə çempionatını elə həmin il keçirib. Bu üzdən ABŞ-dakı turnir Cənubi Amerika çempionatlarının 100 illik yubileyinə təsadüf edəcək. 1975-ci ildən Amerika kuboku adlanan yarışda 1993-cü ildən başlayaraq, KONKAKAF təmsilçiləri də qatılır.