Anar Bəkirov istefa şüarından danışdı: Dəyişiklik etmək lazımdır
10.02.2014 - 10:57
Anar Bəkirov istefa şüarından danışdı: Dəyişiklik etmək lazımdır

“Nəticələr ürəkaçan deyil. Lakin isti başla qərar verib, baş məşqçini istefaya göndərməyi məqsədəuyğun saymadıq”. Bu sözləri apasport.az saytına “Simurq” klubunun prezidenti Anar Bəkirov deyib.

 

“Simurq” qış fasiləsində yaxşı hazırlıq keçsə də, Topaz Premyer Liqasının III dövrəsində oyandığı hər iki görüşdə uduzub. Zaqatalalılar əvvəl səfərdə “Neftçi”yə (0:3), sonuncu – XX turda isə evdə “Bakı”ya (0:1) məğlub olublar.

 

“Zolaqlılar”la matçın gedişində azarkeşlərin baş məşqçi Georgi Çixradzeni istefaya səsləmələri, onunla yolların ayrılmasını gündəmə gətirib. Lakin Bəkirov əməkdaşımızla söhbətində tələsik qərar vermək istəmədiklərini bildirib: “Bakı” ilə oyundan sonra Çixradze ilə görüşüb, ona inandığımızı söylədim. Lakin onu da əlavə etdim ki, vəziyyətdən çıxış yolu üçün nəsə dəyişiklik etmək lazımdır. Baş məşqçi odur, işinə qarışmaq istəmirik. Nəyi necə etmək lazım gəldiyinə çalışdırıcı qərar verməlidir. Hazırda hava limanındayam, xaricə gedirəm. Çixradzeyə dedim ki, fikirləş, qayıdandan sonra görüşərik, təkliflərini söyləyərsən. Özünüz də bilirsiniz ki, büdcə və heyət baxımından iddialı klublarla aramızda ciddi fərq var. Lakin buna rəğmən, “Simurq” heç bir görüşdə müdafiəyə oturmur, hamı ilə başabaş oynayır. Sadəcə, nəticə əldə etməkdə sıxıntımız var. 25 xalla 7-ci sıradayıq, amma daha da yaxşı ola bilər. Bu gün üçün baş məşqçi dəyişikliyi gündəmdə deyil. Lakin növbəti turlarda nəticələrdən çox şey asılıdır”.

 

Qeyd edək ki, Çixradze 2012-ci ilin martında rusiyalı Sergey Yuranın istefasından sonra “Simurq”un baş məşqçisi təyin olunub.