FİFA referisi Anar Salmanovun apasport.az saytına müsahibəsi
- “Şuşa” klubunun baş məşqçisi Nadir Qasımov saytımıza müsahibəsində “Turan-T” ilə görüşdə sizin idarəçiliyinizdən narazı qalıb...
- Mən həmin qarşılaşmanı qaydalar çərçivəsində idarə etmişəm. Nadir Qasımov futbolu necə başa düşür bilmirəm. O kimdir, nəçidir, bunu Azərbaycan ictimaiyyəti yaxşı bilir. Bir adam 4 dəfə “texniki zona”dan qovula bilər? Tutaq ki, Anar Salmanov pisdir, bəs səni qovan o biri hakimlər də pis oldu? Onun özündə problem var, amma bunu başqasında axtarır. Təhqiredici sözlər işlədir. Müsahibəsində deyir ki, yaxşı edib onu təhqir etmişəm. Səviyyəsi odur da. Onun səviyyəsinə biz niyə düşürük ki? Mən onun səviyyəsinə düşə bilmərəm.
- Qasımov deyir ki, o vaxt gözü zəif gördüyü üçün Anarı milliyə götürmədiyim üçün mənimlə kin saxlayır. Bu nə dərəcədə doğrudur?
- Bilirsiniz, məni Fuad Musayevin vaxtında milli komandaya niyə götürmədi? Çünki özü nəyə görəsə kiminsə “papa”sının uşağını yığmaya götürmüşdü. Ona görə məni komandadan uzaqlaşdırdı. Nə oldu, “Şuşa”nın “Neftçala” ilə oyunundan sonra Anarın gözü zəif deyildi, indi zəif oldu? Mən “Modern” Hospitalda gözümdən test verirəm, üstəlik, Avropada hakimlik edirəm. Bu nə nağıl danışır? İndi o zəmanə getdi e, yoldaş Qasımov! Sən kim olmusan, bunu hamı bilir.
- Hər məşqçi haqsız penalti vurduqlarını etiraf etmir. Amma Qasımovun sözlərinə görə, 52-ci dəqiqədə “Turan-T”nin qapısına təyin olunan penalti yanlış idi...
- Mənim 4-5 metrdən baxdığım epizoda, Nadir 150 metrdən baxır. Düz xəttin üzərində Tovuz klubunun kapitanı rəqib futbolçunu yıxdığı üçün penalti vermişəm. Nə görmüşəm, ona uyğun qərarı da vermişəm. Sadəcə, onun hakimləri təhqir etməsi, AFFA-nın ünvanına təhqiredici sözlər işlətməsi göstərir ki, məşqçi kimi futbola ləkədir. Ötən dəfə 10 oyunluq cəza almışdı, sonra bu cəza 5-ə endirildi. Bunlar onu göstərir ki, onun özündə böyük bir problem var. Qoy, problemi özündə axtarsın.
- Ümumiyyətlə, həmin oyundakı idarəçiliyinizdə səhvləriniz vardımı?
- Təbii ki, meydançanın ortasında səhv ola bilər. Ancaq hakimlərin səhvindən qol ləğv olunmayıb. Həmişə necə hakimlik etdiksə, indi də uşaqlar elə idarəçiliklə yadda qaldı.
- “Turan-T”nin qapıçısının forması ilə “Şuşa”nın futbolçusunun rəngi eyni olmasına niyə müdaxilə etməmisiniz?
- Mən bunu orda da ona başa salmağa çalışdım. Təbii ki, qaydalara görə onlar müxtəlif rəngdə olmalıdır. Ancaq “Turan-T”də sarı rəngdən başqa qapıçı forması yox idi. 2 saat qabaq iclas keçirəndə Tovuz klubundan dəfələrlə xahiş etdim ki, formanı dəyişdirsinlər. Deyir, müəllim, yoxdursa, qapıda dayanmasın? Mən də fikirləşdim, bir qapıçıya görə oyunu keçirməyəsi deyilik ki. Ona görə də məcbur olub ayaq getrlərini dəyişdirdim ki, qapıçı rəqib oyunçulardan seçilsin. Sarının əvəzinə qapıçıya göy getr geyindirdim. Bu, kiçik problemdir. Qasımov bilmir ki, nədən səhv tutsun. Onun öz nizam-intizamında ciddi problemlər var. Mən belə hesab edirəm. Ona görə də onu “texniki zona”dan qovduq.
- Nadir Qasımovun “Anar həmişə məni görəndə, öpüşüb-görüşür, amma üzümə gülə-gülə belimi yerə vurur” açıqlamasına münasibətiniz necədir?
- Müsəlmanıq, salam verməməliyik? Biz Nadir Qasımov ola bilmərik, biz Anar Salmanovuq. Görüşməliyiksə, “salam-əleyki” də olmalıdır. O, salamı ki belə qarşılayır, deməli, səviyyəsiz insandır.
- Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov da saytımıza açıqlamasında sizin səhvlərinizin olduğunu bildirib...
- Yenə deyirəm, meydançanın mərkəzində ikili mübarizələr zamanı səhvlər ola bilər. Bunu hakim-inspektor deməlidir. Ancaq bizim səhvimizdən hər hansı bir komanda xal itirməyib. Söhbət bundan gedir.
- “Şuşa”nın penaltidən qol vuran futbolçusuna 87-ci dəqiqədə qırmızı vərəqə verməyiniz doğru qərar idi?
- Bəli, o, bilərəkdən əllə oynamışdı. Orda səhv yoxdur. Həmin oyunçu birinci rəqib qapıçıya qarşı qeyri-idman hərəkəti almışdı deyə, sarı vərəqə vermişdim. İkinci dəfə isə havada olarkən topu əllə qabağına atmışdı deyə növbəti “sarı”sını aldı.