Ançelotti: Arda və Kosta ilə…
21.05.2014 - 01:37
Ançelotti: Arda və Kosta ilə…

 

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının finalında “Atletiko Madird”ə qarşı keçirəcəkləri final oyunu barədə danışıb. Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis bu oyunun sirri və favoritinin olmadığını bildirib.

 

Ançelotti baş məşqçilərin bir-birində gizlədiləsi heç bir şeyinin olmadığını vurğulayıb: “Hər iki komanda bir-birini çox yaxşı tanıyır. Çox çətin oyun olacaq. Qalib gəlmək üçün komanda şəklində işləməyə çox böyük ehtiyacımız var. “Bavariya” ilə olduğu kimi tərəfdarlarımızın dəstəyinə də ehtiyacımız var. Belə oyunlarda ən əsası qorxmamaqdır. Oyun zamanı üzərimizdə qorxu hiss etməmək üçün çalışmalıyıq. Mən ancaq qalib gəlmək barədə düşünürəm. Heç bir zaman məğlubiyyət barədə düşünməmişəm. Çempionlar Liqasının finalını haqq etmişik. Bir çox klublar finalı televiziya vasitəsilə izləyəcəklər. Bizim isə finalda oynamaq fürsətimiz var. Mən rahatam”.

 

Ançelotti “Atletiko Madrid”in mövsüm ərzində çox gözəl oyun göstərdiyini, ancaq “Real”ın da böyük işlər gördüyünü, qələbə çalmaq arzularının böyük olduğunu vurğulayıb.

 

Jurnalistlərdən birinin “Səmimi şəkildə deyin, Arda Turan və Dieqo Kostanın oynamasını istəyirsinizmi” sualı italiyalı mütəxəssisi gülümsəməyə vadar edib. Ançelotti bir qədər düşünəndən sonra deyib: “Səmimi deyirəm, hər ikisi çox önəmli oyunçudur. Amma “Atletiko”nun gücü ayrı-ayrı oyunçulardan deyil, komanda oyunundan asılıdır. Komanda şəklində çox güclüdürlər. Arda və Dieqo ilə “Atletiko”nun gücünün çox dəyişəcəyini düşünmürəm. Yeri gəlmişkən, “Atletiko” barədə danışırıq. Çempionluq münasibətilə bağlı Simeoneni təbrik edirəm”.