“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının finalı öncəsi mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis məqsədinin arzunu reallığa çevirmək olduğunu deyib.
Ançelotti hazırkı finalın digərlərindən kiçik fərqi olduğunu bildirib: “Biz mövsümə finala çıxaraq, kuboku almaq məqsədilə başlamışıq. Biz artıq finaldayıq. Matç öncəsi nitq hazırlamaq əvəzinə, mən hər şeydən öncə diqqətimi futbolçular üçün taktika və oyun tapşırıqları üzərində cəmləmişəm. Biz zədəlilərin vəziyyətinə baxacağıq. Kriştiano hamı ilə bir yerdə məşq edib. Pepe və Benzema isə bu həftə məşqə çıxmayıblar. Oyunla bağlı qərarı onların da iştirak edəcəkləri məşq zamanı qəbul edəcəyik. Bu, mənim yeddinci finalımdır və mən xoşbəxtəm. Şəxsən mənim bu turnirdən daha nə isə tələb etmək haqqım yoxdur. Hamı Çempionlar Liqasının “Real” üçün nə qədər əhəmiyyətli olduğunu bilir. Madriddə olduğum ilk gündən demişəm ki, “Real”ın bu mükafatı əldə etməsi üçün mümkün hər şeyi edəcəyəm. Belə oyanlardan əvvəl insanın beynində çox fikirlər olur. Vacibi odur ki, sakitliyi saxlayasan, yaxşı məşq edəsən, vəziyyəti nəzarəti əldən buraxmayasan və komandaya dəqiq tapşırıqlar verəsən. Mən 2007-ci il finalından öncəki mətbuat konfransını dəqiq xatırlayıram. O zaman dedim ki, bu mənim sonuncu mətbuat konfransımdır və icazə verin həzz alım. O, sonuncu olmadı. Amma bu dəfə sonuncu ola bilər. Ona görə də, həzz almağa imkan verin. Arzu və qarabasma arasında hədd çox azdır. Mənim məqsədim arzunu reallığa çevirməkdir”.