“Milan” futbol klubunda baş məşqçi dəyişikliyi gözlənilir. Apasport.az saytının məlumatına görə, Filippo İndzaqi bu postda Klarens Zeedorfu əvəz edə bilər.
Hər şeydən göründüyü kimi, klub rəhbərliyi Zeedorfla əməkdaşlığa son qoymaq qərarına gəlib. Mayın 26-da klubun sahibi Silvio Berluskoni, idman direktoru Adriano Qalliani və Filippo İndzaqinin iştirakı ilə görüş keçirilib. Nüfuzlu “La Gazzetta dello Sport”un məlumatına görə, görüşün nəticəsinə uyğun olaraq Pippo komandaya başçılıq etməyə razılıq verib. Gözlənildiyinə görə, razılaşma barədə yaxın günlərdə rəsmi açıqlama veriləcək.
Artıq “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti İndzaqini dəstəkləyən bəyanatla çıxış edib: “İndzaqi öz entuziazmı ilə heyrətə gətirir. Onun gənclər komandası ilə təcrübəsi var. Bundan əlavə, Filippo bu vəzifədə uğur qazanmaq üçün bütün xarakteristikalara malikdir. Əgər o, “Milan”ın baş məşqçisi olsa, mən ona uğur arzulayıram. İstənilən məşqçi karyerasını sıfırdan başlayıb. Ustalıq zamanla gəlir. Bu işdə əsas məsələ oyunu anlamaqdır”.