Andrey Popoviç: Xeyri yoxdu...
04.12.2014 - 17:29
Andrey Popoviç: Xeyri yoxdu...

“Bizim üçün kubok matçı çox önəmli idi. Növbəti mərhələyə adlamaq istəyirdik, ancaq alınmadı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Sumqayıt” klubunun qapıçısı Andrey Popoviç deyib.

 

Ölkə kubokunun 1/8 finalında “Bakı” ilə qarşılaşan “Sumqayıt” oyunsonrası penaltilər seriyasında məğlub olub. Əlavə 30 dəqiqənin sonuna 1 dəqiqə qalmış baş məşqçi Aqil Məmmədov Popoviçi meydana buraxıb. Özünü yaxşı tərəfdən göstərən Popoviç 2 penaltini dəf etsə də, bu, komandasının mərhələ adlaması üçün bəs etməyib. Bununla bağlı danışan gənc qolkiper bəxtlərinin gətirmədiyini bildirib: “Təəssüf ki, uduzaraq, mübarizəni dayandırdıq. Ancaq bu futboldur, hər şey mümkündü. Penaltilər seriyası lotereyadı. Nə qədər məyus olsam da, xeyri yoxdu. Mübarizəni dayandıran tərəf biz olduq”.

 

Popoviç 119-cu dəqiqədə oyuna daxil olmasını belə şərh edib: “Məşqçi həmin dəqiqədə oyuna girməyimi istədi. Təbii ki, bunu penaltilər seriyası üçün etdi. Mən də çalışdım ki, qapıda inamlı durmaqla, onun etimadını doğruldum”.