[b]Ansi Aqolli: Mən mükafata görə oynamıram[/b]
04.04.2015 - 12:20
[b]Ansi Aqolli: Mən mükafata görə oynamıram[/b]

“Biz ermənilərdən güclü idik. Sadəcə, ilk qolu onların vurması işimizi bir qədər çətinləşdirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın və Albaniya yığmasının müdafiəçisi Ansi Aqolli deyib.

 

Ölkəsinin mətbuatına danışan 33 yaşlı futbolçu AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Ermənistana qalib gəldikləri (2:1) matçı dəyərləndirib. O, Azərbaycana qayıtdıqdan sonra hamının onu təbrik etdiyini bildirib: “Bakıya döndükdən sonra məni çoxlu insan təbrik etdi. İlk olaraq, aeroportda pasportumu yoxlayan polis, daha sonra isə “Qarabağ”ın baş məşqçisi və komanda yoldaşlarımdan təbrik eşitdim. Mənə dedilər ki, həmin oyuna Azərbaycanda da çoxlu adam baxıb və bizə azarkeşlik ediblər. Azərbaycan və Ermənistan münaqişə vəziyyətindədi. Ermənilər Azərbaycan ərazisinə soxularaq, torpağını işğal ediblər. Oynadığım klub da həmin ərazini təmsil edir. Qarabağdan 1 milyon insan çıxaraq, digər yerlərdə məskunlaşıb. Bu, böyük genosiddi”.

 

Aqolli Ermənistan üzərindəki qələbəyə görə “Qarabağ”dan mükafat aldığını təsdiqləyib: “Bəli, klubdan mənə mükafat verilib. Amma mən mükafata görə oynamıram, öz millimin şərəfinə görə oynayıram. Azərbaycanda özümü evimdəki kimi hiss edirəm. Klub rəhbərliyi hər bir futbolçuya kömək etməyə hazırdı. Ümid edirəm ki, Bakıda və digər şəhərlərdə yaşayan qaçqınlar tezliklə doğma yerlərinə qayıdacaqlar”.