Arsen Vengerin bəyənmədiyi futbolçu “Qəbələ”yə gəldi
21.01.2014 - 16:40
Arsen Vengerin bəyənmədiyi futbolçu “Qəbələ”yə gəldi

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ”nin düşərgəsinə yeni futbolçu qoşulub. Apasport.az saytının məlumatına görə, mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edən Marko Ne komandanın düşərgəsində baxışdadır.

 

Kot-d'İvuardan olan 30 yaşlı futbolçunun karyerasına nəzər saldıqda, onun Avropada yetərincə oyun təcrübəsinə malik olduğunu görməmək mümkün deyil. Ölkəsinin “ASEK Mimozas” klubunda peşəkar karyeraya başlayan Ne 2003-cü ildən bu yana legioner həyatı yaşayır. Marko 2004-cü ildə Emmanuel Ebue ilə birgə “Arsenal”da baxışda olub. Ancaq hazırda “Qalatasaray”da çıxış edən həmyerlisindən fərqli, Ne baş məşqçi Arsen Venger tərəfindən bəyənilməyib.

 

Bununla belə, 2003-2006-cı illərdə Belçikada “Beveren” klubunda 57 oyuna 22 qol vurduqdan sonra “Olimpiakos”a - “Monako”ya getmiş digər həmyerlisi Yaya Turenin yerinə transfer olunub. Burda zədəsinə görə az oynamaq imkanı olsa da, 2 dəfə Yunanıstan çempionluğunu, 1 dəfə kubokunu qazanıb. 2008-ci ildə yenidən Belçikaya, bu dəfə “Beersxot”a qayıdan Ne son 5 ili Rusiya və Ukraynada keçirib. Məhz Marko “Kuban” və “Tavriya”dakı çıxışlarına görə Yuri Syominin rəğbətini qazanıb.

 

Qeyd edək ki, Ne “Qəbələ”nin dünən Qazaxıstan çempionatının debütantı “Spartak”la keçirdiyi görüşdə (1:1) ağrısı olduğu üçün meydana çıxmayıb. Afrikalı futbolçunun sabah Nijni-Novqorod “Volqa”sı ilə matçda debüt edəcəyi gözlənilir.