“Arsenal” futbol klubunun baş məşqçisi Arsen Venqer FİFA-nın “Barselona”ya yeni oyunçular almağı qadağan etməsini düzgün qərar sayır. Apasport.az saytının məlumatına görə, fransız mütəxəssis Kataloniya klubunun qaydalara əməl etmədiyini iddia edib.
“Sözsüz ki, “Barselona” qaydalara hörmətsiz yanaşırdı. Qayda sadədir: əgər valideynlər başqa yerə hansısa professional səbəblərdən köçmürlərsə, 16 yaşına çatmayan oyunçularla müqavilə bağlamaq olmaz” - deyə, Venqer vəziyyəti izah etməyə çalışıb: “Bu zaman ortaya sual çıxır: doğrudanmı gənc futbolçuların valideynləri professional səbəblərdən köçürlər? FİFA hesab edir ki, “Barselona”nın cəlb etdiyi futbolçuların valideynləri İspaniyaya professional səbəblərdən deyil, futbol maraqlarına görə köçüblər. Buna görə də klub cərimə edilib – onlar qaydalara hörmət etmirlər. Buna baxmayaraq, həmin qaydaların dəyişilməli olduğunu düşünürəm. Valideynlərin hansı səbəbdən köçdükləri ilə bağlı mübahisələr həmişə yaranacaq. Futbolda böyük pullar var və valideynlər uşaqlarına karyera qurmağa şans verməkdə maraqlı olacaqlar”.