Almaniya Bundesliqasının XXIV turu çərçivəsində səfərdə “Hannover” üzərində 1:3 hesabı ilə qələbə qazanan “Bavariya”nın yarımmüdafiəçisi Aryen Robben üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Münhen klubunun 3 xala sevindiyi matçda hollandiyalı futbolçu rekorda imza atıb.
Belə ki, 31 yaşlı oyunçu ölkə çempionatında komandası ilə çıxdığı 126 görüşdə yubiley – 100-cü qalibiyyətinə sevinib. Çünki Robben ən tez bu nailiyyəti qazanan ilk futbolçu ünvanına sahib olub. Daha əvvəl bu rekorda yiyələnən “Bavariya”nın digər 2 oyunçusu Tomas Müller və Villi Sanyol olub ki, onlar da 148 qarşılaşmda bu uğuru əldə edib.
Xatırladaq ki, “Hannover”lə oyunda “Bavariya”nın qollarını Xabi Alonso (28) ilə Tomas Müller (61-pen; 72) vurub.
Qeyd edək ki, Robben 2009-cu ildən “Bavariya”da forma geyinir. O, cari mövsümdə Bundesliqada 19 matçda meydana çıxıb və rəqib qapılarından 17 top keçirib.