Rusiyanın Sankt Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirdə Cənubi Koreya yığmasına qarşı keçirilən oyun Azərbaycan millisi üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, komandamız ənənəvi turnirdə yubiley – 30-cu oyununu keçirib.
Asiyalılara 0:3 hesabı ilə uduzan millimiz 2009-cü ildən qatıldığı turnirdə baş tutan yubileyini korlayıb. Koreyalıların görüşdə vurduğu son qol yığmamızın bu turnirdə buraxdığı 50-ci top olub.
30-cu oyunda 50-ci üzüntünü yaşayan futbolçularımız Sankt-Peterburqda 4-cü dəfə böyükhesablı məğlubiyyət alıb. Yubiley darmadağınına qədər komandamız 3 dəfə acınacaqlı yenilgi almışdı. Maraqlıdır ki, bunlardan üçü asiyalılarla görüşlərə təsadüf edib.
Millimizin Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirdəki böyükhesablı məğlubiyyətləri
07.01.2011 Çin - 0:3
04.01.2012 Finlandiya - 0:7
08.01.2014 Yaponiya - 1:4
08.01.2015 Cənubi Koreya - 0:3