[b]Aslan Kərimov: “Neftçi” finalda uduzsa... [/b]
22.05.2014 - 09:32
[b]Aslan Kərimov: “Neftçi” finalda uduzsa... [/b]

“Son dövrlərin ən gərgin final qarşılaşması olacaq. Hər iki komandanın heyətində səviyyəli futbolçular çıxış edir. Öz aralarındakı oyunlar da gərginliyi ilə yadda qalıb”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin məşqçisi Aslan Kərimov deyib.

 

Azərbaycan kubokunun bu gün keçiriləcək final oyunu haqda fikirlərini açıqlayan Kərimov “Qəbələ” - “Neftçi” görüşündə sonuncular üçün qələbənin vacibliyini vurğulayıb: “Çempionatın son oyununda “Qəbələ”nin səfərdə “Neftçi”ni məğlub etməsini xatırlamaq kifayətdir. Ardıcıl 3 il çempion olan, ötən mövsüm kuboku qazanan flaqman bu mövsümü medalsız başa vurmaq niyyətində deyil. Əgər kuboku qazanması, bu il onlar üçün uğursuz hesab olunacaq”.

 

Bu cür qarşılaşmalarda psixoloji hazırlığın əhəmiyyətli olduğunu vurğulayan millimizin məşqçisi şansları dəyərləndirərkən “Neftçi”nin heyətindəki itkiləri xatırladıb: “Şanslara gəlincə, konkret hansısa komandanın üstün olduğunu demək çətindir. Bu cür görüşlərdə adətən psixoloji hazırlıq əsas rol oynayır. Əlbəttə heyətdəki itkilər də oyuna təsirsiz ötüşməyəcək. Misal üçün, Mahir Şükürovun cəzalı, Araz Abdullayevin zədəli olması “Neftçi” üçün ciddi itkidir. Bununla belə, meydana çıxacaq futbolçuların kuboku qazanmaq üçün sonacan mübarizə aparacaqları istisna deyil. Məncə, şanslar 50-nin 50-yədir”.

 

Hər 2 komandanın heyətində fərdi ustalığı yüksək səviyyədə olan futbolçuların yer aldığını vurğulayan Kərimov “Qəbələ”nin psixoloji cəhətdən bir addım öndə olduğunu da qeyd edib: “Bu cür matçların taleyini psixoloji hazırlıqla yanaşı futbolçuların fərdi ustalığı həll edir. Hər 2 komandanın heyətində fərdi ustalığı yüksək səviyyədə olan futbolçular var. Həlledici məqamda son zərbəni dəqiq yerinə yetirən komanda sonda qələbəni bayram edəcək. “Qəbələ”nin son oyunda “Neftçi” üzərində qələbə qazanması futbolçuların özlərinə olan inamını bir qədər də artırıb. Fikrimcə, psixoloji hazırlıq baxımından “Qəbələ” bir addım öndədir”.