“Berti Foqtsun köməkçisi olmaqla yanaşı, 15 yaşadək futbolçulardan ibarət milli komandaya da rəhbərlik edəcəyəm”. Bu sözləri apasport.az saytına futbol üzrə Azərbaycan yığmasının məşqçisi Aslan Kərimov deyib.
Əsas millidə baş məşqçi Berti Foqtsun köməkçisi olan 41 yaşlı mütəxəssis U-15 millimizə də rəhbərlik edəcək.
Kərimov bildirib ki, AFFA rəhbərliyi və Foqtsun məsləhəti ilə bu vəzifəyə təyin edilib: “Bildiyiniz kimi, əsas millidə məşqçiyəm, kurslarda dərs deyirəm. Üstəlik, bu il “Pro” lisenziyası almaq fikrim var. Açığı, işlərimin çoxluğundan, tərəddüd edirdim. Lakin Foqts mənə dedi ki, yaxşı məşqçi kimi yetişməyim üçün aşağı yaş qruplarından birinə rəhbərlik etməyim vacibdir. O, əsas millinin təqviminin fevralın 23-də bəlli olacağını, mən isə planlarımı buna uyğun qurmalı olduğumu söylədi. Baxdım ki, çox məntiqli fikirdir. Digər işlərimlə paralel olaraq, U-15-ə də rəhbərlik edəcəyəm”.
Qeyd edək ki, Kərimov ötən il əsas millidə Foqtsun köməkçisi olmaqla yanaşı U-16-ya rəhbərlik edirdi.