AZAL-ın hədəfindəki braziliyalı
19.05.2014 - 10:52
AZAL-ın hədəfindəki  braziliyalı

AZAL-ın yay “transfer pəncərəsi” dövründə heyətində qatmaq istədiyi futbolçulardan birinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, “təyyarəçilər” hücum xəttini braziliyalı forvardla gücləndirmək istəyirlər.

 

Belə ki, paytaxt təmsilçisi Moldovanın “Milsami” klubunda çıxış edən Gilyerme de Paula Lukrecionun xidmətində maraqlıdır.

 

AZAL transfer etməzdən əvvəl futbolçunu iş başında görmək istəyir. Bu məqsədlə klubun nümayəndəsi Moldovaya ezam olunub, Gilyermenin oyununu izləyəcək. Bundan sonra cənubi amerikalı ilə bağlı qərar veriləcək.

 

2012-ci ildən “Milsami”də çıxış edən braziliyalı bu klubda 53 oyunda 15 qol vurub. 

 

Zəngin karyeraya malik 28 yaşlı hücumçu vətənində xeyli sayda klubda çıxış edib.

 

Braziliyanın “Koritiba”, “Paranavai”, “Rio Klaro”, “Makae”, “Mirasssol”, “Braza”, “Atletiko Sorokaba”, “Ole Brazil”, “Toledo” klublarında oynamış Gilyerme Qvatemalada “Halkones” və “Yuventud”un şərəfini qoruyub. Braziliyalının ilk Avropa təcrübəsi isə 2009-cu ilə təsadüf edib. Həmin vaxt “Setubal”a transfer olunan forvard Portuqaliyada cəmi 3 oyun keçirib.