AZAL derbi öncəsi dincəlir
04.12.2014 - 11:50
AZAL derbi öncəsi dincəlir

Dünən Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Neftçala” üzərində səfər qələbəsi qazanan AZAL-da bu gün futbolçulara istirahət verilib. Klubdan apasport.az saytına verilən məlumata görə, “təyyarəçilər” sabahdan etibarən yenidən bir araya gələcək.

 

AZAL həftəsonu “İnter”ə qarşı keçiriləcək çempionat oyununun hazırlığı çərçivəsində gündə bir məşqlə kifayətlənəcək. Hazırda baş məşqçi Tərlan Əhmədovu iki futbolçunun yoxluğu narahat edir. Bunlar honduraslı yarımmüdafiəçi Luis Ramos və kolumbiyalı hücumçu Con Kordobadı. Hər iki oyunçu üçün 2014-cü il bitib və onlar yalnız dövrələrarası fasilədə təşkil ediləcək təlim-məşq toplanışında komandaya qoşula biləcək.

 

Qeyd edək ki, Topaz Premyer Liqasının XV turu çərçivəsində baş tutacaq “İnter” – AZAL oyunu dekabrın 7-də keçiriləcək.