Millimizin Avropa çempionatının seçmə mərhələsində Bolqarıstanla ilk oyununu idarə edəcək Alon Yefet 2002-ci ildən FİFA referisidir. Apasport.az saytının məlumatına görə, sentyabrın 1-də 42 yaşını tamamlayan israilli hakimin əsl peşəsi marketinq sahəsi üzrə menecerlikdir.
Hobbisi filmlərə baxmaq, səyahət etmək və basketbol oynamaq olan Yefet indiyədək millimizin iştirakı ilə keçirilən matç idarə etməyib. Ancaq o, rəqibimizin iki dəfə oyununda ədaləti qoruyub. Daha doğrusu, bunlardan birincisi 2001-ci ildə Bolqarıstan U-21-nin görüşünə təsadüf edib. Bolqarıstanın İslandiya ilə seçmə mərhələ oyununu idarə edən Yefet meydan sahiblərinə 2, adalılara isə 3 sarı vərəqə göstərib. Bu matçda slavyanlar qalib gəlib – 1:0.
2011-ci ilin iyunun 4-də isə Monteneqroda yerli komanda Bolqarıstanla Avropa çempionatının seçmə görüşünə çıxıb. Görüş 1:1 hesabı ilə başa çatıb. 4 sarı vərəqə göstərən Yefet bunlardan cəmi birini qonaq komandaya verib.
Qeyd edək ki, sentyabrın 9-da keçiriləcək Azərbaycan – Bolqarıstan oyununda Alon Yefetin köməkçiləri Danni Krasikov, David Elias Bitton, Nissan Davidi, Liran Liani, Roy Raynşrayberdir.