Azərbaycan kubokunun 2013/14 mövsümünün ən yaxşı bombardirləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, başa çatan yarışın ən məhsuldar oyunçusu adına 2 şərik olub. Bu oyunçuların hər ikisi Afrika təmsilçisidir.
Belə ki, “Qəbələ”nin seneqallı hücumçusu Viktor Mendi və “Xəzər Lənkəran”ın kamerunlu legioneri Etame Mbilla hərəyə 3 qol vurub. “Neftçi” ilə final matçında qol sayını artıra bilməyən Mendi vahid liderliyə yüksəlmək şansını qaçırıb.
Finalda qol vuranlar – Samir Məsimov (“Neftçi”) və Marat İzmaylov (“Qəbələ”) kubokda ilk dəfə fərqlənib. Bu üzdən bombardırlər yarışında ciddi dəyişiklik olmayıb. 3 qol vuran liderləri izləyən 9 futbolçu isə hərəyə 2 dəfə fərqlənib. Bunlar Araz Abdullayev (“Neftçi”), Nizami Hacıyev (“Qəbələ”), Aleksandr İaşvili, Asif Məmmədov (hər ikisi “İnter”), Vüsal Qarayev (“Rəvan”), Rəşad Eyyubov (“Simurq”), Reynaldo Silva (“Qarabağ”), Elvin Adışirinli (“Şuşa”) və Sadio Tounkaradır ( “Xəzər Lənkəran”).