Yanvarın 16-25-də keçiriləcək Birlik Kubokunda Azərbaycan təmsil olunmayacaq. Apasport.az saytının məlumatına görə, XXIII dəfə baş tutacaq turnirin Təşkilat Komitəsi ölkəmizə dəvət göndərsə də, müsbət cavab almayıb.
Rusiya mətbuatına açıqlama verən yarışın direktor müavini İqor Kiselev bildirib ki, Birlik Kubokuna MDB ölkələrindən bəziləri qatılmayacaq. Onun sözlərinə görə, Azərbaycanla yanaşı, Gürcüstan, Ermənistan və Özbəkistan da rəsmi şəkildə turnirdə iştirakdan imtina edib: “Ukraynanın təklifə cavab verməməsi onların da Birlik Kubokuna qatılmayacağını deməyə əsas verir”.
MDB ölkələrinin turnirə marağının azaldığını nəzərə alan Təşkilat Komitəsi ümumilikdə 30 ölkəyə dəvət göndərib. Finlandiya və CAR turnirdə iştirak etməyə razılıq veriblər.
Qeyd edək ki, Azərbaycan 1992-ci ildən keçirilən Birlik Kubokunda təmsil olunmaqdan ardıcıl 4-cü ildi ki, imtina edir. Buna da səbəb bu illərdə yarışın 21 yaşadək futbolçular arasında keçirilməsidi.