Azərbaycan yığmasının taleyini həll edəcək qapıçılar
12.02.2014 - 12:16
Azərbaycan yığmasının taleyini həll edəcək qapıçılar

Avropa çempionatının seçmə mərhələsinin fevralın 23-də keçiriləcək püşkatmasında iştirak edəcək futbol ulduzlarının adları məlum olub. Apasport.az saytının məlumatına görə, Fransanın Nitsa şəhərində keçiriləcək tədbirdə milli komandaların adları yazılar şarları səbətdən çıxaracaq məşhurların adları artıq bəllidir.

 

“As” qəzetinin iddiasına əsasən, Azərbaycan yığması və seçmə mərhələnin digər iştirakçılarının taleyini bu dəfə qapıçılar həll edəcək. Belə ki, təşkilatçılar bu işi karyerasını bitirmiş 7 tanınmış qapıçıya tapşıracaq.

 

Onlar arasında Azərbaycanda yaxşı tanınan Rinat Dassayev də var.

 

SSRİ yığmasının və “Spartak”ın sabiq qolkiperi dəfələrlə “Neftçi”yə qarşı oynaması ilə bizlərə daha yaxşı tanışdır. Tədbirin digər iştirakçıları isə belçikalı Jan Mari Pfaff, italiyalı Dino Dzoff, ispaniyalı Xose Anxel İribar, şimali irlandiyalı Pat Cenninqs, ingiltərəlilər Qordon Benks və Raymond Klemens olacaq.

 

Qeyd edək ki, yığmamız püşk zamanı 5-ci səbətdə yer alacaq.