Azərbaycanlı futbolçuya 1 milyon avro ödədilər
04.02.2014 - 12:25
Azərbaycanlı futbolçuya 1 milyon avro ödədilər

“Danışıqların necə yekunlaşacağı bəlli deyildi. “Spartak” “Krılya Sovetov”un ödəyə biləcəyi məbləğdən çox pul istəyirdi. Yaxşı ki, yekunda klublar arasında razılıq əldə olundu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan əsilli rusiyalı futbolçusu Emin Mahmudov deyib.

 

“Saturn”unun yetirməsi olan, 2011-ci ildə bu klub dağıldıqdan sonra “Spartak”a keçən Mahmudov Moskva təmsilçisinin heyətində möhkəmlənə bilmədi. 2012-ci ildə “Tom” klubuna icarəyə verilən 22 yaşlı yarımmüdafiəçi, 2013-cü ilin yazından “Krılya Sovetov”da oynayırdı. Soydaşımızın çıxışından razı qalan Samara təmsilçisi artıq onun transfer hüququnu əldə edib.

 

Mahmudovla 3 illik müqavilə bağlayan klub, onun qarşılığında “Spartak”a 1 milyon avro ödəyib.  Emin klubun saytına açıqlamasında karyerasını “Krılya Sovetov”da davam etdirdiyi üçün xoşbəxt olduğunu söyləyib: “Müqavilə təklif olunanda, dərhal razılaşdım. Samarada qalmaq istəyirəm”.

 

Qeyd edək ki, AFFA Emin Mahmudovu milli komandamıza dəvət etsə də, soydaşımızdan mənfi cavab alıb. Daha doğrusu, 22 yaşlı müdafiəçi bir qədər gözləməyi, Rusiya yığmasına düşə bilməyəcəyi halda, Azərbaycan millisində oynamağı düşünür.