Gəncədə bıçaqlanma hadisəsi olub. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini, 1974-cü il təvəllüdlü Mehman Hacıyev bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Dərhal əməliyyat edilən 40 yaşlı Hacıyevin vəziyyətinin ağır olduğu bildirilir. Onun kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb.
Xatırladaq ki, əslən gəncəli olan Hacıyev xeyli müddət idi "Simurq"da çalışsa da, yanvarın əvvəllərində Zaqatala təmsilçisindən ayrılmışdı.
O, 2013-cü ildə UEFA-nın "C" kateqoriyasını almış məşqçidi. Futbolçu karyerası ərzində "Kəpəz" (1992-2000), "Qarabağ" (2000-2002) kimi klublarda top qovub. 1994/95 və 1998/99-cu illərdə ölkə çempionu olub, 3 dəfə kubokun qalibi adını qazanıb.
Məşqçi karyerası ərzində isə "Kəpəz"də əvəzedici heyətin baş məşqçisi, əsas komandanın baş məşqçinin köməkçisi kimi çalışıb.