Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsində II turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, Maltadakı yarışda Azərbaycanı təmsil edən FİFA referisi Əliyar Ağayev yenə iş başında olacaq.
İlk turun Malta – İngiltərə qarşılaşmasında 4-cü hakim olan həmyerlimiz bu dəfə görüşün əsas söz sahibi olacaq. Ağayev meydan sahiblərinin Hollandiya ilə qarşılaşmasında fit çalacaq.
Bakı vaxtı ilə saat 18:15-də başlayacaq matçda Ağayevin briqadasında erməni hakim yer alacaq. Yan xətt hakimlərindən biri Mesrob Qazaryan, digəri isə norveçli Rocer Nebberdir. Avstriyalı Aleksandr Harkam isə 4-cü hakim funksiyasını yerinə yetirəcək. Görüşün UEFA nümayəndəsi fransalı Kristian Teynfurier, hakim-inspektoru isveçli Leyf Linqberq olacaq.
Qeyd edək ki, A qrupunda məşhur futbolçunun adaşı və həmsoyadı olan Martin Stekelenburqun çalışdırdığı Hollandiya millisi ilk turda Türkiyəni 3:2 məğlub edib, maltalılar isə futbolun yaradıcılarına uduzub – 0:3.