Baçana Sxadadze: Məni sevindirən məqam odu ki...
11.07.2014 - 10:31
Baçana Sxadadze: Məni sevindirən məqam odu ki...

“Qarşılaşmaya pis başladıq, qapımızda erkən qol gördük. Halbuki, belə məqamda qol buraxmamalı idik”. Apasport.az saytının məlumatına görə, bunu “İnter”in gürcüstanlı hücumçusu Baçana Sxadadze deyib.

 

“İnter” dünən Avroliqanın I təsnifat mərhələsində Moldovanın “Tiraspol” klubu ilə qarşılaşdı. 3:1 hesabı ilə qələbə qazanan “bankirlər”in qollarından birinə Sxadadze imza atıb. O, 83-cü dəqiqədə penaltidən yararlanıb.

 

Ancaq Sxadadze bundan öncə - 78-ci dəqiqədə penaltidən yararlana bilməyib: “Buraxdığımız qoldan sonra bütün oyuna nəzarəti ələ aldıq. Biz fiziki cəhətdən “Tiraspol”dan daha güclü idik. Karyeramda ilk dəfə idi penaltini qola çevirə bilmirdim. Bu, psixoloji məqamla əlaqəlidi. Ola bilər ki, bu, qapıda qolkiperin yox, sahə oyunçusunun durması ilə bağlı idi... Məni sevindirən məqam odu ki, ev oyunumuza xeyli azarkeş gəlmişdi. Sevindirici haldır ki, onlara qələbə hissini yaşatdıq. Hətta heç-heçə bizi qane etmirdi. Oyundan əvvəl komanda yoldaşlarımızla söhbət etmişdik ki, ancaq qələbə qazanmalıyıq. Şükürlər olsun ki, belə də oldu”.

 

O, Avroliqanın II təsnifat mərhələsində İsveçin “Elfsborq” klubu haqqında isə bunu deyib: “Artıq bugündən onlar haqqında məlumat əldə etməyə çalışacağıq. Bilirik ki, ciddi rəqibdir. Onlar daha yüksək səviyyəyə malikdirlər”.