Azərbaycan millisinin sabiq futbolçusu Saşa Yunisoğlunun “Dənizlispor” karyerası başa çatıb. Apasport.az saytının məlumatına görə, ötən yay 1-ci liqa təmsilçisinə keçən 29 yaşlı müdafiəçi baharda ayrıldığı klubda 17 oyuna çıxıb.
2013-cü il avqustun 18-də “Qaziantep BB” ilə I turun səfər matçında debüt edən Yunisoğlu yalnız çempionat oyunlarında forma geyinib. Kubokda xidmətinə ehtiyat olmayan futbolçu debütündən sonra 2 qarşılaşmanı buraxsa da, ardından əvəzolunmaza çevrilib. Ardıcıl 13 qarşılaşmada “Dənizlispor”un dəyişməz siması olan Saşa “Adanaspor” və “Manisaspor”la görüşlərdə sarı vərəqə ilə də cəzalanıb. Ötən ilin, yəni ilk dövrənin son 2 matçında meydana buraxılmayan arxa xətt oyunçusu mövsümün ilk yarısını əvəzolunmadan keçirdiyi 14 matçla tamamlayıb.
2014-cü il də həmyerlimiz üçün uğurlu başlayıb. İlk 2 qarşılaşmada 90 dəqiqə forma geyən müdafiəçi “Balıkəsirspor”la yanvarın 27-dəki ev oyununda ilklə rastlaşıb. Saşa 1-ci dəfə start heyətində deyil, sonradan meydana çıxıb. 90-cı dəqiqədə şans qazanan futbolçu üçün bu matç Dənizli təmsilçisində elə son oyun olub. 16 görüşdə əvəzolunmazlığı ilə seçilən Yunisoğlu 17-ci matçındakı 1 dəqiqə ilə aşağı dəstədəki karyerasını başa vurub. Türkiyədə 17 oyun, 1441 dəqiqə keçirib 2 sarı vərəqə alıb.
Qeyd edək ki, əvvəllər Polşada da legioner həyatı yaşayan Saşa “Qrotslin” və “Poloniya”da çıxış edib.