“Milan”ın ulduz futbolçusu hazırda “Qalatasaray”ı çalışdıran sabiq baş məşqçisi Roberto Mançini ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, “Four Four Two” nəşrinə danışan 23 yaşlı hücumçu Mançini ilə yenidən çalışmaq istədiyini deyib.
Həmyerlisi ilə “Mançester Siti”də tez-tez problemlər yaşayan italiyalı forvard ona hörmət bəslədiyini deyib: “Onun Türkiyədə məşğul olduğunu bilirəm. Onu həm insan, həm də məşqçi olaraq sevirəm. Aramızda bəzi anlaşmazlıqlar oldu, amma burada səhv bir şey yoxdur. Belə şeylər ola bilir. Həmişə bir-birinizi sevə bilməzsiniz. Həyat belə deyil. Onun hadisələri böyük problemə çevirən biri olduğunu düşünmürəm. Onunla yenidən çalışmaq istərdim”.
Qeyd edək ki, Balotelli 2010-2013, Mançini isə, 2009-2013-cü illərdə “Mançester Siti”də olub. Onlar ötən il məşq zamanı əlbəyağa dava etmişdilər.