“Barselona”nın baş məşqçisi Herardo Martino komandanın lideri Leonel Messinin səhhəti ilə bağlı narahatlıq keçirdiyini etiraf edib. Apasport.az saytının məlumatına görə, Herardo bunu Argentina yığmasının Rumıniya millisi ilə yoldaşlıq görüşü zamanı Messinin meydandaca qusmasından sonra bildirib.
Son üç il ərzində Messi ən azı 3 dəfə meydanda qusub. Martino bildirib ki, artıq argentinalı ilə danışıb: “Belə hallar onunla tez-tez olur. O artıq həkimə gedib. Mən başa düşürəm ki, bu, normal deyil. Amma qusması onun işinə mane olmur”.
Rumıniya ilə görüş zamanı Messi artıq 10-cu dəqiqədə meydanda qusub. Amma sonda 90 dəqiqə meydanda olub. Qeyd edək ki, bundan əvvəl iki dəfə Messi ilə analoji hadisə baş verib. O, birinci dəfə 2011-ci ildə “Real”la İspaniya Superkuboku uğrunda oyunda, 2013-cü ildə isə Argentinanın Boliviya ilə görüşü zamanı meydanda qusub.